Xiaomi də avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırır
Avtomobil sahəsini ciddi dəyişikliklər gözləyir. Belə ki, son zamanlarda böyük texnoloji şirkətlər bu sahəyə çox diqqət ayırırlar. Məlumat ortaya çıxıb ki, Apple ilə yanaşı fərdi avtomobil istehsalı ilə həmçinin Xiaomi şirkəti də məşğul olmaq istəyir. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumata əsasən Xiaomi şirkəti fərdi avtomobil istehsalını nəzərdən keçirdir və bunu yeni strateji qərar kimi görür. Şirkətin daxili planları ilə yaxından əlaqəsi olan mənbələr qeyd ediblər ki, sözügedən layihəyə şirkətin təsisçisi və direktoru olan Lei Jun özü rəhbərlik edəcək.
Xiaomi şirkətinin avtomobili barəsində hələki heç bir konkret məlumat yoxdur. Layihənin hansı mərhələdə olduğu və ümumiyyətlə onun üzərində işlərin gedib-getmədiyi də məlum deyil. Mənbələr qeyd ediblər ki, hələ heç bir yekun qərar verilməyib və bu məsələdə olan planların dəyişilməsinə səbəb ola biləcək bir sıra faktorlar mövcuddur. Qeyd etmək lazımdır ki, hələ 2019-cu ildə məlum ollmuşdu ki, Xiaomi Xpeng adlı elektromobillərin istehsalına 400 milyon dollar investisiya yatırmışdı.