Sahibkar: "Un istehsalının hər tonunda 100 manat ziyan edirdik"
Nazirlər Kabineti buğda və buğda ununun ixracına yeni rüsum dərəcələri tətbiq edib. Qərara əsasən, 2021-ci il mayın 1-dək Azərbaycandan ixrac olunan buğdanın hər tonu üçün 200 dollar məbləğində gömrük rüsumu tətbiq olunacaq. Üstəlik, daxili bazarda un məhsullarının bahalaşmasının qarşısına almaq üçün satılan unun hər tonuna 35 manat subsidiya veriləcək. Bəs, bu vəziyyətdən çıxmağa tam şəkildə imkan verirmi?
Daxili bazarı qorumaq...
ENA.az xəbər verir ki, bu qərar dünən açıqlansa da, artıq 2021-ci il fevralın 16-dan qüvvəyə minib və mayın 1-dək olan dövr üçün nəzərdə tutulub. Əvvəlcə qərarın verilməsini şərtləndirən səbəblərə toxunaq.
Qeyd edək ki, bu vaxta qədər Azərbaycan buğda ixracına rüsum tətbiq etmirdi. Hökumətin belə bir addım atmasının səbəbinə gəlincə, ENA.az-ın əldə etdiyi məlumata görə, bu yerli bazarı qorumaq məqsədi daşıyır. Belə ki, dünyada buğdanın satış qiyməti sürətlə bahalaşır. Eyni zamanda, qarşıdakı bir neçə ayda buğda ixrac edən əsas ölkələr öz daxili tələbatını ödəmək üçün buğda satışında heç də maraqlı görünmürlər. Buna görə də ölkəmiz mövcud buğda ehtiyatını qorumaq məcburiyyətindədir və daxili bazarın tələbatını ödəmək mühüm məsələ olduğundan ixraca rüsum tətbiq olunacaq. Hərçənd yerli buğda çörək bişirmək üçün o qədər də keyfiyyətli hesab edilmir, buna baxmayaraq una və yem istehsalına olan tələbatın ödənilməsində istifadə olunur.
Bəs 35 manat bəs edirmi?
ENA.az un istehsal edən sahibkarlardan biri ilə bu məsələni araşdırdı. Sahibkarın sözündən məlum olur ki, buğdanın bahalaşması nəticəsində son bir neçə ayda sahibkarlar ziyanla işləməyə başlayıblar, çünki qiymət artımıza icazə verilmir.
"Unun hər kisəsində 5 manat ziyanla işləyirdik. 1 ton un 20 kisə deməkdir. Demək sahibkarın 1 tonda zərəri 100 manat idi. Bunun 35 manatını hökumət subsidiya formasında qarşılayacaq. Belə çıxır ki, qalan 65 manat zərəri hansısa yolla kompensasiya etməliyik", -deyə sahibkar bildirib.
Sahibkarın sözlərinə görə, zərərin qalan 53 faizini iş adamının öz gəlirlərinin azalması, eyni zamanda işçilərin ixtisarı ilə kompensasiya edə bilər. Bunun çörəyin bahalaşmasına təsirinə gəlincə, çörəkbişirmə müəssisələrinin adəti üzrə çəkidə "ixtisar" aparmasını xatırlatdı. Xatırladaq ki, çörəyin qiymətində müəyyən qədər artımlar artıq var. Belə ki, 49 qəpik olan çörək 2 gün əvvəl artıq 53 qəpiyə qalxmışdı.
Yerli buğdanın çörək bişirmədə istifadəsinə gəlincə, biznesmen qeyd edib ki, yerli buğda yalnız rayon yerlərində şəxsi evlərdəki çörəkbişirmədə istifadə edilir. Zavod şəraitində peçlərdə yerli buğda unundan çörək bişirilməsi yüksək nəticə vermir.
Dünya bazarındakı bahalıq
Qeyd edək ki, dünya bazarında buğda sürətlə bahalaşır. hələ yanvarda Rusiya buğdasının tonu 282 dollara çatmışdı. Fransız buğdası 284 dollara, Amerikan sortunun tonu 292 dollara qədər qalxmışdı. "Fevral qiymətləri tonu 300 dollara çata bilər" deyə proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixracat rüsumunun 15 martdan etibarən buğdanın tonu üçün 45 avroya qaldırılmasını və qarğıdalı ixracı üçün rüsumun tonu üçün 25 avro, arpa ixracı üçün 10 avro rüsumun müəyyənləşdirilməsini təklif edir. 15 fevraldan etibarən isə buğdanın tonuna 25 avro rüsum tətbiq edilir. Bütün rüsumlar 17,5 milyon ton (15 fevral - 30 iyun 2021 arasında) taxıl ixracı kvotası daxilində mümkündür.
2020-ci ildə xaricdən nə qədər buğda almışıq?
Məlumat üçün onu da bilrirək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycan 1 365 100.13 ton buğda idxal edib və bunun üçün 296 milyon 905.18 min dollar vəsait ödəyib.