Sahib Ələkbərov beynəlxalq qurum rəhbərliyinə yenidən namizəd olmayacaq
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyi (UEC) Direktorlar Komitəsinin üzvlüyünə namizədliyini irəli sürməyib
2017-ci ildə Direktorlar Komitəsinin üzvü seçilən Ələkbərov növbəti 4 illik dönəm üçün namizəd olmayacaq.
İqtisadiyyat nazirinin müavini dövlət işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. Ələkbərovun əvəzinə federasiyanın baş katibi Fərhad Əliyevin namizədliyinin irəli sürülməsi qərara alınıb.
Direktorlar Komitəsinə hazırda 14 namizəd var. Onlardan 2-si vitse-prezident olmaqla, yalnız 6-sı seçiləcək. Digər tərəfdən, gender bərabərliyi əsas gətirilərək, bu 6 üzvdən 2-nin mütləq qadın olması lazım bilinib. Səsvermə martın 6-da Danimarkanın Odense şəhərində gerçəkləşəcək.
Quruma üzv olan federasiyalar seçki günü UEC-in yeni prezidentini də müəyyənləşdirəcək. Hazırda bu post üçün yeganə namizəd baş katib Enriko Della Kasadır. Onun Rokko Katteneonu əvəzləmək ehtimalı böyükdür.
Qeyd edək ki, Direktorlar Komitəsinə namizədliyi verilən Fərhad Əliyev hazirda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Asiya ve Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur. O, 2017-ci ildən UCI konqreslərində UEC-in səs vermək hüququna malik 15 səlahiyyətli nümayəndəsindən biri seçilib. Əliyevin bu posta növbəti 4 il üçün də namizədliyi irəli sürülüb.
Bundan əlavə, AzVİF-in logistika üzrə meneceri Elvin Heydərov da səs vermək hüququna malik şəxslərdən biri olmaq üçün namizəd olub.