Avtomobil

Azərbaycanda geri alma zəmanəti ilə avtomobil satışı başlayıb – İLK DƏFƏ

Azərbaycanda geri alma – REPO zəmanəti ilə avtomobil satışı başlayıb.

ENA.az FED.az-a istinadən xəbər verir ki, bu satış üsuluna əsasən, müştəri aldığı avtomobili gələn il və ya sonrakı illər əvvəlcədən elan edilən qiymətə yenidən şirkətə qaytara bilər.

Ölkəmizdə bu üsulu ilk dəfə  «Avtolüks Azərbaycan» şirkəti tətətbiq edib. Şirkətdən bildirilib ki, bu satışı üsulu «Alfa-Romeo» avtomobillərinə tətbiq edilir.

«Avtolüks Azərbaycan» REPO zəmanəti verməklə müştəriyə satdığı avtomobili 3 il ərzində satış qiymətinə azalan qalıq metodu ilə birinci il üçün 15%, sonrakı illərdə hər il üçün 10% aşağı olmaqla, barter (trade-in) vasitəsilə satın alacağını təsdiq edir»-deyə şirkətdən bildirilir.

Bu o deməkdir ki, «Alfa-Romeo»nu alaraq cəmi 1 ildən sonra 15% ucuz qiymətə, iki ildən sonra 25%, 3 ildən sonra isə 35% ucuz qiymətə şirkətə qaytarmaq olar.

Bu qayda bir qədər əvvəldən – oktyabr ayından tətbiq edilir.

Məlumat üçün bildirək ki, hazırda təklif olunan «Alfa-Romeo»ların sıfır yürüşlə qiyməti 19700 dollardır. Bu qiymətə 2017-ci il istehsalı olan 1,4 litr həcmli mühərriklə 3 qapılı avtomobil almaq mümkündür.

Amma şirkət tərəfindən avtomobillərin geri alınması müəyyən şərtlərlə həyata keçiriləcək. Əsas şərt odur ki, müştəri əvvəlki avtomobili qaytarıb, bu şirkətdən digər avtomobil alsın. Yəni yalnız buradan yeni avtomobil alınanda maşını REPO zəmanəti ilə geri qaytarmaq mümkündür. «Amma biz yeni avtomobil alınna zaman da güzəşt edəcəyik»-deyə şirkətdən bildirilir.

Digər şərt odur ki, avtomobil il ərzində 20 min kilometrdən artıq sürülməsin. Yəni müştəri maşını 1 il ərzində 20 min km, 2 il ərzində 40 min, 3 ildə isə 60 min km-dən artıq olmadan sürməklə bu qaydadan istifadə edə bilər.

Qeyd edək ki, Azərbaycanda «Alfa-Romeo» avtomobilləri geniş şəkildə populyar deyil. görünür məhz bu səbəbdən yeni satış üsulu məhz «Alfa-Romeo»ların satışında tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)