Avtomobil

“Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motor” 2020-ci təqvim ilində qlobal miqyasda 9,53 milyondan çox avtomobil sataraq bu göstəricidə digər şirkətlər arasında lider olub.

ENA.az xəbər verir ki, bu barədə “Toyota Motor”un cümə axşamı yayımladığı hesabatda deyilir.

Eyni zamanda, “Toyota” şirkətlər qrupuna daxil olan “Daihatsu Motor” və “Hino Motors”un da göstəriciləri daxil olmaqla, konsernin qlobal satışları 2019-cu ilə nisbətən 2020-ci ildə 11,3% azalıb. Amma “Toyota”nın bazardakı əsas rəqibi olan Almaniyanın “Volkswagen” şirkəti eyni dövrdə təxminən 9,3 milyon avtomobil sata bildiyindən Yaponiya şirkətini dünya lideri olub. “Toyota” bu reytinqə son dəfə 2015-ci ildə başçılıq edib.

“Toyota Motor” pandemiyanın mənfi təsirlərinə və zavodda işlərin dayandırılmasına baxmayaraq, ilin sonuna doğru istehsalını şirkət tarixində rekord səviyyəyə qaldırıb. Bu, əsasən, pandemiyanın yaratdığı çətinliklərdən digər ölkələrə nisbətən daha sürətli bərpa olunan Çində tələbatın artması ilə əlaqədar olub.

“Toyota”nın Avropadakı satışları dünyanın digər bölgələrinə nisbətən daha az mənfi təsirə məruz qalıb. Yaponiya konserni Avropa ölkələrində ümumilikdə 960 min avtomobil satışı həyata keçirib ki, bu da 2019-cu illə müqayisədə 8,5% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)