Axtar

Azərbaycanın ən iri korporativ bankı 2020-ci ili necə başa vurdu? - HESABAT

Azərbaycan biznesi üçün pandemiyanın yaratdığı çətinliklər məlumdur və 2020-ci ilin iqtisadi nəticələrində bu özünü göstərdi. Ölkənin bank sektorunun bu dönəmi əhatə edən göstəriciləri də maraqlıdır.  

Ölkənin ən iri korporativ bankı olan PAŞA Bank artıq ilin yekunlarını açıqlayıb. Ümumi tendensiya bankın vəziyyətinin yaxşı olduğunu göstərir, amma bununla yanaşı, qeyri-işlək kreditlərin həcminin artması, ilk rübdə depozit portfelindəki “ərimə” göstəriciləri 2020-ci ilin “izlərini” göstərir.

 

Kreditlərin 95,2%-i Bakıya verilib 

Hesabata görə, bankın cəmi aktivləri 2020-ci ilin sonunda  5 milyard 513 milyon 21 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 745 milyon 571 min manat və ya 15,6% çoxdur. Aktivlərin tərkibinə baxsaq, 2020-ci ildə müştərilərə verilən kreditlər 296 milyon 1 min manat və ya 16,5% artaraq 2 milyard 95 milyon 34 min manat olub. Xalis kreditlərin həcmi 1 milyard 753 milyon 640 min manatdan 2 milyard 60 milyon 484 min manata yüksəlib. Beləliklə,  aktivlərdə kreditlərin payı artaraq 38%-ə çatıb. Bank kreditlərinin 1 milyard 995 milyon 243 min manatını Bakıya verib. Kreditlərin 55 milyon 89 min manatı Zaqatala, 43 milyon 950 min manatı Gəncə, 752 min manatı isə Qubaya düşür. Bu isə o deməkdir ki, kreditlərin 95,2%-i paytaxtda cəmləşib.  

 

Kreditlər daha çox üçüncü rübdə verilib  

Bankın digər ən böyük yatırımı isə qiymətli kağızlardadır və ötən ilin sonu ilə müqayisədə  daha da artaraq 1 milyard 556 milyon 154 min manata yüksəlib. “PAŞA Bank” digər banklara verdiyi kreditləri artıraraq daha ehtiyatlı şərtlərlə pul qazanmaqda davam edir. Müştərilərə verilmiş kreditlərin rüb üzrə vəziyyətinə baxsaq, daha çox üçüncü rübdə 145 milyon 868 min manat təşkil edib. Bank pul vəsaitlərində artım 4-cü rübə düşür. Eyni zamanda qeyd edək ki, kreditlərin restruktruzasiyası bankın kredit portfelindəki problemli vəsaitlərin həcminin artmasına imkan verməyib. Belə ki, hazırda problemli kreditlərin ümumi portfeldəki faiz nisbəti 1,9%-i keçmir.  

 

İl ərzində depozit "çıxışı-girişi" 

2019-cu illə müqayisədə 2020-ci ildə PAŞA Bankda depozitlər 429 milyon 237 min manat və ya 12% artaraq 4 milyard milyon 761 min manata çatıb. Bank 2020-ci ilin birinci rübündə 111 milyon manat depozit itirdiyi halda, 2-ci rübdə 183 milyon 510 min manat pul qəbul edib. Üçüncü rübdə yenidən 41 milyon 880 min manat depozit çıxışına məruz qalsa da, dördüncü rübdə 399 milyon 30 min manat qəbul edib və nəticədə depozit portfelini artımla yekunlaşdırıb. Və beləliklə, bankın müştərilər üzrə daxili borclanması, yəni öhdəlikləri il ərzində 428 milyon 697 min manat artıb. Öhdəliklərdə diqqətçəkən göstəricilərdən biri də digər bankların tələblərinin 4 dəfə, repo əməliyyatlarının 4,3 dəfə artmasıdır. Ümumilikdə ötən bir il ərzində bankın öhdəlikləri 13,6% və ya 680 milyon 194 min manat artaraq 4 milyard 971 milyon 876 min manata yüksəlib.

 

Kapitalı artıb 

Bankın məcmu kapitalı 519 milyon 858 min manat, cəmi kapitalı 541 milyon 145 min manatdır. Xatırladaq ki, 2019-cu ilin sonuna cəmi kapital 475 milyon 768 min manat idi. 

 

84 milyon gəlir əldə etdi

“PAŞA Bank” ASC 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə ötən il Bankın xalis mənfəəti 19 milyon 212 min manat və ya 29,5% artıb. Bank 2019-cu ili 65 milyon 40 min manat xalis mənfəət ilə bağlamışdı.

Bankın cəmi gəlirləri 2020-ci ildə 40 milyon 593 min manat və ya 14,9% artaraq 313 milyon 395 min manata yüksəlib. Faiz gəlirləri 218 milyon 187 min manat, qeyri-faiz gəlirləri 95 milyon 208 min manat təşkil edib.

Səhmdarlarına dividend ödədi

PAŞA Bankın əməliyyat mənfəəti ötən il bir əvvəlki illə müqayisədə 19 milyon 967 min manat və ya 18,6% artaraq 127 milyon 34 min manat təşkil edib. Əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri 618 milyon 372 min manat artıb. Bank ikinci rübdə səhmdarlarına 45 milyon 232 min manat dividend də ödəyib. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində il ərzində xalis artım 114 milyon 709 min manat olub.

Bank əməliyyat mənfəətindən 14 milyon 121 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bank dövlət büdcəsinə mənfəətindən 28 milyon 768 min manat mənfəət vergisi ödəməlidir və pul hərəkətindən görünür ki, artıq 14 milyon 501 min manatını ödəyib.

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33