Ermənistan itkin düşən daha 540 hərbçisini axtarır
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin yaratdığı “qaynar xətt”ə ümumilikdə itkin düşmüş 540 erməni hərbçi ilə bağlı müraciət daxil olub.
Bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, daxil olan məlumatlar yoxlanılıb və sülhməramlı kontingentin axtarış bölmələrinə ötürülüb.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.
Daha əvvəl Ermənistanın “Politik.am“ saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. "Vəziyyəti Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə azı 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt vurğulayıb.