Hadisə

Bu gün Yerevanda müxalifətçilər hökumət binasını bağlayacaqlar

Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər.

“News.am” xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib.

O, qeyd edib ki, Nazirlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər tərəfdən bloklamağa çağırıb. “Kim istəyirsə, binanı daha tez bloklasın ki, üzvlər ora girib-çıxa bilməsinlər. Onların iclası çoxdandır bir qəpiyə dəymir”, - Manukyan tərəfdarlarına müraciətində deyib.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən onlarla müxalifətçi Yerevanın mərkəzi meydanında gecələyir.

Aksiyaçılar təxminən 10-a yaxın çadır qurublar, həmçinin qızınmaları üçün tonqallar qalayıblar. Onların ətrafında polis əməkdaşları növbə çəkir. Məlumata görə, asayiş keşikçiləri etirazçıları meydandan qovmağa çalışmırlar.

Xatırladaq ki, Ermənistanın Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətini görən baş nazir Nikol Paşinyan noyabrın 10-da ölkəsinin kapitulyasiyası, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında bəyanata imza atıb.

Sənədin imzalanmasından sonra Yerevanda kütləvi etirazlar başlayıb. Nümayişçilər hökumət binalarında və baş nazirin iqamətgahında talanları təşkil ediblər. Polis və xüsusi xidmət orqanlarının əməkdaşları etirazçıları qovub, ancaq Ermənistanın böyük şəhərlərində nümayişlər hələ səngimir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)