“Moody’s”: MDB-də kreditlər üzrə itkiləri ən tez Azərbaycan bankları bağlayacaq
COVID-19 pandemiyası fonunda MDB ölkələrində artmış problemli kreditlərin yaratdığı itkilər region banklarının kapitalının üçdə biri qədər azalmasına səbəb ola bilər.
Bu barədə “Moody’s Investors Service” reytinq agentliyinin açıqlamasında deyilir.
Bildirilir ki, Rusiya və MDB ölkələrində pandemiyanın şoku və neftin ucuzlaşması fonunda kreditlərin dəyərsizləşməsi artacaq. MDB ölkələrində banklar problemli kreditlər səbəbindən yaranan itkilərini müxtəlif vaxtlarda bağlaya biləcək.
“Moody’s”in mütəxəssislərinin proqnozlarına görə, MDB-də sözügedən itkiləri bağlamaq üçün ehtiyatları ən tez Azərbaycan bankları yaradacaq. Agentliyin proqnozuna əsasən, ölkədə ödəmə vaxtı keçmiş kreditlər səbəbindən yaranan itkiləri banklar təxminən yarım ilə bağlayacaq. Bu müddətin Ukraynada 7-8 ay, Rusiya və Qazaxıstanda 1 ilə yaxın, Belarus və Ermənistanda 1,5 il, Özbəkistanda isə 2 il çəkəcəyi güman edilir.