Bankın ehtiyatları niyə azalıb? – HESABAT
2020-ci ilin əvvəlində, xüsusən də yanvar-fevral aylarında iqtisadiyyatda müşahidə olunan yüksək dinamika bank sektorunda da öz təzahürünü tapır. Bunu ilk növbədə aktivlərin dinamikasında və bank gəlirlərinin azalmasında görmək olar.
Aktivlərdə artımın mənbəyi
Azərbaycanın ən böyük korporativ bankı olan “PAŞA Bank”ın aktivlərinin həcmi 2020-ci ilin yanvar-sentyabr aylarının yekununda 4 milyard 868 milyon 963 min manat təşkil edib. Aktivlərin artım tempi cəmi 2,1% olub.
Aktivlərdə kredit portfelinin həcmi 2 milyard 45 milyon 264 min manatdır. Bu isə o deməkdir ki, bu ilin doqquz ayında 13,7% artım baş verib. Ümumilikdə kredit portfelinin aktivlərdəki payına baxsaq, burada da müsbət tendensiyanı görə bilərik. Belə ki, 2020-ci ilin 6 ayının yekunlarına baxsaq, kreditlərin aktivlərdəki payı 38,3 faiz təşkil etdiyi halda, 9 ayın göstəricilərinə görə 42%-ə qalxıb. Biznes kreditləri üzrə kateqoriyalara nəzər yetirsək, sənaye və tikinti sahələrinə ayrılan vəsaitin həcmində nəzərəçarpacaq artım var. Pul hərəkətinə baxsaq, ötən 3 rübdə ən çox kredit verilməsi məhz üçüncü rübdə - iyul-sentyabr aylarında baş verib.
Restrukturizasiyanın xeyri
Kreditlərlə bağlı yaradılan ehtiyatlardakı proseslər də maraqlıdır. Göstəricilərə baxsaq, yanvar-mart üzrə ehtiyatlarda 65 milyon 678 min manat vəsait olub, 6 aydan sonra isə ehtiyatlar 42 milyon 453 min manata enib. Əslində ehtiyatların azalması o deməkdir ki, xərcin azalması kreditlərdə qayıtmalar olub, kreditlərin keyfiyyəti yaxşılaşıb. Bu iki halda baş verir, ya kreditlərdə qaytarma baş verib ya da bank təsnifatlaşdırmanı dəyişib. Tutaq ki, əvvəllər 50% ehtiyat yaradırdı, indi 25%-ə salır. Adətən banklar ehtiyat dərəcələrinin dəyişməsini ilin sonunda zərərdə olduqda edirlər ki, mənfəətə çıxmaqda əlavə vəsait əldə etsin. İlin 3-cü rübündə belə bir göstəricilərin olmasını bir qədər təhlil etsək, iqtisadiyyatın hazırki vəziyyətində kreditlərin geri qaytarılmasında müsbət tendensiyanın yaranması inandırıcı deyil. Ona görə də kreditlərin restruktruziyası ilə daha çox bağlıdır. Restruktruziasiya etdikdə ehtiyat təsnifatlandırma dərəcəsi avtomatik olaraq aşağı düşür və bu kreditlərin keyfiyyətinin pisləşməsinin qarşısını alır. Əslində problemi kreditlərin həcmində dəyişiklik baş verməyib, sadəcə restrukturizasiya nəticəsində ehtiyatların həcmində azalma baş verib.
Qiymətli kağızlar artıb
Aktivlərdə digər böyük həcm isə qiymətli kağızlardadır – 1 milyard 456 milyon 570 min manat. Qiymətli kağızların həcmində aprel-sentyabr aylarında 292 milyon manatdan çox artım baş verib. Diqqətçəkən göstəricilərdən biri isə nağd vəsaitlərin həcmində aprel-sentyabr 120 milyon manat azalmanın baş verməsidir.
Beləliklə, aktivlərdəki artım daha çox kredit portfeli, qiymətli kağızlar, müxbir hesablardakı vəsaitin həcminin yüksəlməsi mühüm yer tutur.
Öhdəliklərdə dinamika var
Hesabat dövrünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 4 milyard 352 milyon 556 min manata çatıb və artım 1,4%-dir. Öhdəliklərin 3 milyard 616 milyon 21 min manatı depozitlərin payına düşür. Ötən 9 ayda bankdakı depozitlərin həcmi 0,9% artıb.
III rübün sonuna bankın kapitalı 516 milyon 408 min manat olub və 8,5% artım var. Bunun 354 milyon manatı dövriyyəyə buraxılmış adi səhmlərdir. Nizamnamə kapitalı isə 6,5% artaraq 354 milyon 512 min manat təşkil edir. Bankın bölüşdürülməmiş mənfəəti 120 milyon 386 min manatdır.
Büdcəyə daha çox pul ödədi
“PAŞA Bank” hesabat dövrünü 60,532 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,3% azalıb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir. 9 ay ərzində “PAŞA Bank”ın gəlirləri 225,975 milyon manat, xərcləri 135,258 milyon manatdır. Bank xüsusi ehtiyatlara 9,216 milyon manatdır və ötən ilin müvafiq dövründə 40,1% azdır. Mənfəət vergisindən dövlət büdcəsinə ödəmələrin həcmi isə 20 milyon 969 min manat təşkil edib.