Sosial iqtisadiyyat

Komitə sədri: “Karantin müddəti noyabrın 2-dən sonra da uzadılacaq”

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, oktyabrın 19-dan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah çox yerində qərar verib:

“Təəssüflər olsun ki, payızın gəlməsilə əlaqədar olaraq, bütün dünyada koronavirusa yoluxma meylləri artıb. Bir çox ölkələr karantin rejiminin sərtləşdirilməsilə bağlı qərar qəbul edib.

Dağlıq Qarabağda gedən azadetmə müharibəsilə bağlı vətəndaşlarımızda həddindən artıq coşqu, həmrəylik, birlik var. Bunun fonunda insanlar karantin qaydalarına riyaət etmirlər. Bu da koronavirus epidemiyasının genişlənməsinə gətirib çıxarır. Eyni zamanda, payız fəslinin gəlişilə temperatur rejiminin ciddi şəkildə dəyişməsi də virusun daha da artmasına səbəb olur. Məktəb və bağçaların açılması, ictimai nəqliyyatın fəaliyyətinin bərpa olunması, sərnişindaşımada nəzarətin zəifləməsi bu nəticələrə gətirib çıxartdı. Ona görə də hər birimiz anlamalıyıq ki, virusun dərmanı tapılmayıb, vaksin geniş yayılmayıb, hər kəs özünü qoruma tədbirlərinə ciddi şəkildə riayət etməlidir”.

Komitə sədri qeyd edib ki, metro bağlanırsa, xətlərə əlavə avtobuslar buraxılmalıdır:

“Hər hansı şərait yaradılmalıdır ki, insanların hərəkəti təhlükəsiz şəkildə təmin olunsun. Həmçinin iş yerlərində qrafiklər dəyişdirilməlidir ki, hamı eyni vaxtda işdə olmasın. Distant idarəetmə mümkün olanlar evdən çalışmalıdır. Yaxud işçilər növbəli şəkildə çalışsınlar”.
M.Quliyevin sözlərinə görə, karantin müddəti noyabrın 2-dən sonra da uzadılacaq:
“Çünki qarşıdan soyuq havalar gəlir”.
Deputat deyib ki, distant təhsilə keçilməsi bəzi çətinliklər yarada bilər:

“Təbii ki, əyani təhsilin yerini heç nə vermir. İnşallah, Qarabağdakı azadlıq müharibəsilə bağlı qələbə xəbərlərini eşidəcəyik. Düşünürəm ki, bundan sonra hər şey öz qaydasına düşəcək. Prezidentin də pandemiyanın əvvəlində söylədiyi kimi, ən əsası insanların sağlamlığıdır. Əgər insan sağlam olarsa, bir ildən sonra da itirdiklərini bərpa edə bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department