BİZNES

Gömrük Komitəsi "Mavi Dəhliz" yaradır - YENİLİK

Dövlət Gömrük Komitəsi (DGK) “Mavi dəhliz” buraxılış sistemini istifadəyə verməyi nəzərdə tutub. ENA.az xəbər verir ki, DGK-nin sədri Səfər Mehdiyevin açıqlamasına görə, “Mavi dəhliz” buraxılış sistemi əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə əsaslanacaq. Hazırda eyni şirkət tərəfindən gətirilən əsasən eyni növ mallar üzrə hər dəfə ekspertizanın aparılması rəsmiləşdirmənin gecikməsinə və əlavə xərclərə səbəb olur.

“Mavi dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri üzərində gömrük yoxlaması gömrük ərazisinə buraxılışdan sonra, idxalatçının gömrük bəyannaməsini vaxtında təqdim etməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün son müddət nəzərə alınmaqla həyata keçirilir.

“Beynəlxalq ticarət zənciri üzrə malların vaxt və xərc itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin, o cümlədən xarici ticarət iştirakçılarına öncədən biznes proqnozlaşdırılmasının təmin olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən “Məcburi qərarlar”ın pilot layihəsinin tətbiqinə başlanılıb.

Məcburi qərar layihəsinin tətbiqi artıq sahibkarlara idxal-ixrac əməliyyatını həyata keçirməzdən öncə onlara malların təsnifatını, yəni xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunu və mənşə ölkəsini müəyyən etmək imkanı verəcək. Bu da ticarətin asanlaşdırılması prosesinə mühüm təsir göstərməklə yanaşı, sahibkarlara öz biznes planlarının əvvəlcədən düzgün formalaşdırılması imkanı yaradacaq. Həmçinin eyni xüsusiyyət və göstəricilərə malik malların gömrük rəsmiləşdirilməsi üzrə təkrar sorğuları aradan qaldıracaq və məmur-vətəndaş təmasının sıfıra endirilməsi hesabına şəffaflığın təmin olunmasına gətirib çıxaracaqdır.

Belə ki, məcburi qərar layihəsinin tətbiqi ilə malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun öncədən təsnifləşdirilməsi imkanı mallara tətbiq olunan rüsum dərəcələri və icazələrin də əvvəlcədən müəyyən edilməsinə gətirib çıxaracaq ki, bu da malların gömrük rəsmiləşdirilməsi zamanı əhəmiyyətli dərəcədə vaxt və xərc itkisinin qarşısını alacaq.

Eyni zamanda, artıq şəxslər mənşə ölkəsinin öncədən müəyyən edilməsi imkanı ilə yanaşı, idxal edəcəkləri malların preferensial və ya qeyri-preferensial məqsədli olduğunu da müəyyən edə biləcəklər. Preferensiya dedikdə, Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.

Misal olaraq, “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 20 noyabr 2009-cu il tarixli Saziş”inə əsasən CT-1 formalı mənşə sertifikatı təqdim olunmaqla qarşılıqlı güzəştlər tətbiq edilir.

Hazırda “Məcburi qərar”ların qeydiyyatının və elektron idarəetmə sisteminin yaradılması və elektron xidmət kimi xarici ticarət iştirakçılarına təqdim edilməsi sahəsində işlər davam etdirilir və ən qısa müddətdə tətbiqi prosesi başlanacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 13-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın tələblərinə əsasən “Mavi dəhliz” buraxılış sisteminin tətbiqi ilə əlaqədar hazırda tədbirlər həyata keçirilir.

 

"Biznes Həyatı" jurnalı 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)