BİZNES

Sahibkarlar arasında barışıq sazişlərinin hansı hüquqi qüvvəsi var? - MÜSAHİBƏ

Mübahisələrin məhkəmədənkənar həlli üsulu olan mediasiya institutunun yaradılması ilə bağlı müvafiq tədbirlər görülür. Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyevin  müsahibəsini təqdim edirik: 

Azərbaycanda Mediasiya institutu formalaşma mərhələsindədir. Hazırda hansı işlər görülür?

İlk öncə qeyd edim ki, mediasiyanın Azərbaycanda tətbiqi və inkişafı ilk dəfə 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuşdur. Qeyd edilən fərmana uyğun olaraq, “Mediasiya haqqında” Qanun qəbul edilməsi, Mediasiya Şurası təsis edilməsi və mediasiya işlərinin sayının ikiqat artırılması nəzərdə tutulmuşdur. Qeyd edilən fərmana uyğun olaraq, 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Daha sonra Mediasiya Şurasının nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq cari il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilmiş, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Ruslan Mirzəyev

Həmçinin, cari ilin yanvar ayında Ədliyyə Akademiyasında mediasiya təlimçilərinin təlimi (29 şəxs) keçirilmiş, Mediasiya Şurasının müvafiq qərarı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq mediator olmaq istəyən şəxslər üçün (təxminən 400 nəfərə yaxın şəxs müraciət etmişdir) sənəd qəbulu başlamış və Ədliyyə Akademiyasında təxminən 60 nəfər təlimlərə cəlb edilmişdir.  Ümid edirəm ki, avqust ayının sonlarınadək ilk rəsmi mediatorların sertifikatlaşdırılması baş tutacaqdır.  

Daha sonra isə vətəndaşların bütün respublika ərazisində mediasiya xidmətləri ilə təmin edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edim ki, bu işlər əsasən Avropa Birliyinin və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Bildiyimiz kimi Qanunla Azərbaycanda məcburi mediasiya tətbiq olunacaq və Qanun 01 iyul 2020-ci ildən qüvvəyə minir, lakin pandemiya şəraitində məcburi mediasiyaya keçid üçün bütün işlər yekunlaşıb?

Çox düzgün qeyd etdiniz. Azərbaycan Respublikasında COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi qeyd edilən təlimlərin əyani formada keçirilməsinə maneələr törətmişdir. Lakin, Azərbaycanda ailə, əmək və kommersiya mübahisələri üzrə məcburi ilkin mediasiya sessiyalarını aparmaq üçün ən azı 300 mediator tələb edilir.

Bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər olunaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinin (iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələb edilməsi ilə bağlı) qüvvəyə minmə tarixi 1 iyul 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinə təxirə salınmışdır.

Mediasiyanın məğzinə aydınlıq gətirək. Bu qurum hansı şərtlər əsasında, kimlərin mübahisələrinə baxır? Sahibkarlar hansı yeniliklər yaradacaq?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı olduqca yüksəkdir.  Mediasiyanın sahibkarlar üçün faydaları çoxdur. Qısa şəkildə aşağıdakı faydaları qeyd edə bilərik:

Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Yəni, tərəflər öz mübahisələrinin müqəddəratını özləri müəyyən edirlər.

Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.

Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

Mediasiya əsasında qəbul olunan qərarların hansı hüquqi qüvvəsi var? Onların icrası hansı formada təmin olunacaq?

Bu sual ən çox verilən suallardandır. Lakin, qeyd edim ki, mediasiyanın nəticəsində hər hansı bir qərar qəbul edilmir. Tərəflər özləri mübahisəni qarşılıqlı razılıqla həll etmək barədə razılığa gəlirlər. Belə razılıq barışıq sazişi formasına rəsmiləşdirilir. Tərəflərin könüllü razılaşdırdığı üçün barışıq sazişləri adətən könüllü icra edilir. Lakin, əgər tərəflərdən biri barışıq sazişini könüllü icra etməzsə, digər tərəf barışıq sazişinin təsdiq edilib, icraya yönəldilməsi üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.

Kimlər mediator ola bilər, onlara qarşı hansı kriteriyalar nəzərdə tutulub?

Qanunvericiliyə əsasən 25 yaşı tamam olmuş, ali təhsilli və istənilən sahədə 3 il iş təcrübəsi olan şəxslər mediatorların ilkin hazırlığı üzrə rəsmi təlimi keçdikdən sonra mediator ola bilərlər. Hal-hazırda Ədliyyə Akademiyası belə təlimləri keçirir.

Lakin, qeyd edim ki, dünya təcrübəsində uğurlu mediatorlar adətən kifayət qədər təcrübəli və insanlarla uzun illər ərzində insanlarla işləmiş şəxslər olurlar. Burada təcrübə deyildikdə, həm peşəkar, həm də həyat təcrübəsi nəzərdə tutulur.

Mediasiya fəaliyyətinin maliyyələşməsi hansı formada olacaqdır? Əgər fəaliyyət pulu olacaqsa, bu, vətəndaşların məhkəmə əlçatanlığına hansı formada təsir edəcəkdir?

Mediasiya xidmətləri adətən ödənişli olacaq. Bununla belə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydasına əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Mediasiya institutunun formalaşmasında   dövlətin hansı maraqları var?

Dünyanın bir çox ölkəsində mediasiyaya maraq artmaqdadır. Avropa Şurası, xüsusilə CEPEJ adlanan komissiyasında Avropa Şurasına üzv dövlətlərdə mediasiyanın inkişafı üçün tədbirlər görülür. Bir çox ölkələrdə qanunvericilikdə dəyişikliklər edilir. Sual yaranır ki, dövlətlərin bunda marağı nədən ibarətdir?

Deyərdim ki, dövlətlərin mediasiyanın inkişafında marağının olmasının 2 səbəbi var:

(i) Mediasiya inkişaf etdikdə məhkəmələrin iş yükü azalır. Bu isə son nəticədə məhkəmələrin digər işlərə daha çox vaxt ayırmasına, nəticə etibarı ilə isə ədalət mühakiməsinin keyfiyyətinin artması ilə nəticələnir.

(ii) Mübahisə tərəflərinə mübahisələrin həllinin digər vasitələrini təklif etməklə, dövlətlər tərəflərə mübahisələri üçün daha münasib metodu seçməyə imkan verir. Bu isə öz növbəsində yenə də ədalət mühakiməsinin keyfiyyətinin artması ilə nəticələnir.

(iii) Mediasiya mədəniyyətinin formalaşması cəmiyyətdə barışığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Əlavə olaraq, mediasiyanın mövcudluğu xarici investisiyaların cəlb edilməsi üçün nəzərdən keçirilən faktorlardan biridir.("Biznes həyatı")

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)