Azərbaycanda valyuta disbalansı qalmaqda davam edir
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi COVID-19 pandemiyasının nəticələri ilə əlaqədar 2020-ci ildə Azərbaycan banklarının balansındakı problemli kreditlərin həcminin artacağını gözləyir.
Agentliyin “Bank sektorunun sahə və ölkə risklərinin qiymətləndirilməsi: Azərbaycan Respublikası" adlı hesabatına əsasən, ölkədə iqtisadi riskin inkişaf tendensiyası sabit olaraq qalır ki, bu da bütövlükdə son 12 ay ərzində balanslaşdırılmış riskləri əks etdirir.
"Biz gözləyirik ki, ölkə hakimiyyəti əvvəlki kimi makroiqtisadi sabitliyin təmin edilməsinə, o cümlədən büdcə vəsaitlərinin idarə edilməsinə hədəflənəcək. Bununla yanaşı, maliyyə sistemi nisbətən zəif olaraq qalır və əvvəlki kimi korreksiya mərhələsindədir ki, bu da bank sektoruna güclü təsir göstərir. Azərbaycan banklarının ehtiyatların formalaşdırılmasına və problemli kreditlərə çəkilən xərclərin artması buna dəlalət edir. Biz yüksək qeyri-müəyyənlik səviyyəsini nəzərə alaraq ən azı 2020-ci ilin sonuna qədər kreditləşmə templərinin aşağı olacağını proqnozlaşdırırıq", - deyə hesabatda bildirilir.
Agentlik Azərbaycanın bank sektorunda sahə riskinin inkişafı tendensiyasını sabit olaraq qiymətləndirir.
"Biz bank sektorunun strukturunun ümumilikdə dəyişməz qalacağını və əvvəlki kimi aktivlərin yüksək səviyyədə konsentrasiyası ilə xarakterizə olunacağını gözləyirik. Bank sisteminin əsas müştərilərin baza depozitləri hesabına formalaşması ilə fərqləndiyinə və xarici fondlaşdırılma mənbələrindən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyası xarici valyutada olan depozitlərin həcmi 60%-i üstələyir. Bu, 2015-ci ilin dekabrında manatın devalvasiyasından sonra depozitlərin kütləvi şəkildə xarici valyutaya köçürülməsi ilə şərtlənmişdi. Biz xüsusilə 2020-ci ilin I rübündə neftin qiymətinin ucuzlaşması nəticəsində manata təzyiqin artmasını nəzərə alaraq valyuta disbalansının qalmaqda davam edən səviyyəsini əvvəlki kimi risk amili hesab edirik", - deyə agentliyin analitikləri hesab edirlər.
S&P analitiklərinin fikrincə, müsbət amillər arasında xarici aktivlərin böyük həcmini və Azərbaycan hökumətinin borc yükünün nisbətən aşağı səviyyəsini qeyd etmək olar.
Agentliyin mütəxəssisləri mənfi amillər arasında neftin qiymətinin aşağı düşməsi və koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərlə əlaqədar yüksək iqtisadi riskləri, milli valyutanın zəifləməsindən sonra müştərilərin depozitlərinin yüksək dollarlaşma səviyyəsini və nəticədə bank sektorunun valyuta və kredit risklərinin artmasını, həmçinin korporativ idarəetmənin aşağı səviyyəsini qeyd edirlər.
S&P Azərbaycanın bank sektorunu sahə və ölkə risklərinin (Banking Industry Country Risk Assessment — BİCRA) təsnifatı üzrə 9-cu qrupa aid edir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit portfeli 4,7% - 14 milyard 585,3 milyon manata qədər azalıb.
Bununla yanaşı, avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 62,4 milyon manat təşkil edir ki, bu da kredit portfelinin 7,3%-ni təşkil edir.