Sosial iqtisadiyyat

Azərbaycanda “E-Demokratiya” qurulur? - Komitə sədrindən AÇIQLAMA

“Dövlət idarəetməsində hələlik ən yaxşısı demokratik idarəetmə sistemi sayılır. Belə hesab edilir ki, müasir demokratiya idarə olunanların, yəni vətəndaşların elə bir idarəetmə formasıdır ki, burada vətəndaşlar seçilmiş nümayəndələri vasitəsilə rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər. Buna həm də “Təmsilçilik Demokratiyası” deyilir. Bu sistemin üstünlükləri çox olsa da, çatışmayan cəhətləri də mövcuddur”. 

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

Deputat bildirib ki, təmsilçilərin işgüzarlığının fərqliliyi, problemlərin həllində bürokratiyanın olması, vətəndaşların lazımı informasiyalara əlçatanlığının az olması “Təmsilçilik Demokratiyası”nın təkmilləşməsini labüd etməkdədir. Komitə sədri bunun həll variantını da təklif edib:

“Müasir İnformasiya Kommunikasiya texnologiyalarının inkişafı dövlət-vətəndaş münasibətlərində və dövlət idarəetməsində tamamilə yeni imkanlar yaratmaqdadır. Bu imkanlar vətəndaşlara birbaşa fikir və rəy bildirməyə, qərarların qəbuluna birbaşa təsir etməyə və sürətli informasiya almağa imkan verir.

Dövlətə isə ictimai rəyin sürətli öyrənilməsinə, verdiyi qərarlarda vətəndaşların da iştirakına nail olmağa və icra vəziyyətinin keyfiyyətini sürətli ölçməyə imkan verir. Bu idarəetmə sisteminin adı “Elektron Demokratiya”dır. E-Demokratiya “Təmsilçilik Demokratiyası”nın çatışmayan cəhətlərini tamamlayır, müasir dünyanın çağırışlarına cavab verir.

Nəticədə dövlət daha da güclənir və “smart” olur, vətəndaş isə daha da məmnun qalır” - deyə T.Mirkişili əlavə edib. 

Millət vəkili qeyd edib ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqətində olub: 

“Bunun nəticəsi kimi hazırda ölkə əhalisinin 80 faizə yaxını internet istifadəçisidir, internet azaddır və bütün ölkə ərazisində əlçatandır. İnsanlar sosial şəbəkələrdə çox aktivdirlər.

Bir neçə gün öncə dövlət başçısının imzaladığı sərəncam ilə “ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi”nin yaradılması nəzərdə tutulur.

Bu sistem vasitəsilə vətəndaşa kifayət qədər güclü ictimai nəzarət funksiyası verilir və bununla da onun həm də qərarların qəbulu mexanizmlərinə və icranın vəziyyətinə təsiri imkanları xeyli artırılır.

Bu platformanın yaradılması ilə Azərbaycanda dövlət-vətəndaş münasibətlərində vətəndaşın məmuniyyətinin artırılmasına və “birgə idarəetmə” fəlsəfəsinin güclənməsinə səbəb olacaq bir mərhələ başlayacaq. Bu isə Azərbaycanda “Elektron Demokratiya”nın qurulmasında mühüm bir addım olacaq. Vətəndaşlarımız da E-Demokratiya sisteminin aktiv iştirakçıları olarsa, biz ölkəmizdə müasir idarəetmənin yeni formasının bərqərar edilməsinə nail olacağıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)