Sosial iqtisadiyyat

Eldar Əzizov icra başçısının birinci müavininə TÖHMƏT verdi

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda sanitar-təmizlik tədbirlərinə diqqət artırılır, görülən işlərə nəzarət etmək üçün monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələri onu göstərir ki, şəhərin mərkəzi və əksər rayonlarda sanitar təmizlik məsələləri qənaətbəxş olsa da, bu işlərlə yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin məşğul olduğu bəzi kənar ərazilər və qəsəbələrdə müəyyən problemlər qalmaqdadır.

Bakı Şəhər İcra Hakimiyyətindən ENA.az-a verilən xəbərə görə, Binəqədi rayonununun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

Aşkar edilən çatışmamazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, RİHBA rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və RİHB-nın Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılib.

Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəsifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.

Qeyd olundu ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.

Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.

Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department