Aqrar

Eyni funksiyanı daşıyan iki dövlət qurumu niyə olmalıdır?

Azərbaycanda bir-birini təkrar edən, eyni funksiyanı daşıyan dövlət qurumlarının sayı son illər kifayət qədər azalıb. Onların bir çoxu ləğv edilib, bəziləri isə müvafiq şəkildə birləşdirilib. Buna baxmayaraq hələ də birləşdirilməli, daha optimal bir qurum halına gətirilməsi labüd olan bir neçə qurum var. Bunlardan ikisi Sahibkarlığın İnkişafı Fondunun (SIF) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKIA) niyə ayrı-ayrı fəaliyyət göstərməsi və niyə fərqli nazirliklərin tabeliyində olması böyük sual doğurur.

Bütün sahibkarlara pul verən Fond - SİF

Məlumdur ki, dövlətimiz Azərbaycanda pandemiyaya qarşı mübarizədə təkcə səhiyyə və əhalinin sosial müdafiəsi kimi məsələlərdə deyil, həmçinin iqtisadi sferada da öz köməkliyini göstərir. Belə ki, pandemiyanın özü ilə birlikdə gətirdiyi qlobal iqtisadi böhran, idxal və ixracın zəifləməsi sahibkarların maliyyə vəziyyətini kəskin şəkildə pisləşdirmişdir. Ölkəmizin bu mövcud vəziyyətində dövlət tərəfindən maliyyələşən SIF-in və AKIA-nın vəsaitləri hesabına təklif edilən güzəştli kreditlərin, ölkə iqtisadiyyatının bərpasına töhfə verən və sahibkarlara bizneslərində pandemiyanın yaralarını sarımağa kömək edən çox vacib bir amil olduğunu diqqətə almalıyıq.

Yenilikləri özündə cəmləşdirən SİF tərəfindən verilən güzəştli kreditlər, ölkəmizin iqtisadi inkişafına təkan verir və pandemiyanın iqtisadi təsirini minimallaşdırmağa yardımçı olur.

SİF 1992-ci ildə yaranmasına baxmayaraq, 2002-ci ildən etibarən aktiv fəaliyyətə başlamışdır. Prezident cənab İlham Əliyev 1 avqust 2018 ci il tarixində “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Daha öncə də İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək yerinə, SİF publik hüquqi şəxsi təsis edilir və səlahiyyətləri İqtisadiyyat Nazirliyində qalır.

 

SİF fərdi sahibkarlar və hüquqi şəxslərə istehsal, emal, turizm, kənd təsərrüfatı və digər layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlər ilə yardımçı olur. Biznesin və sahibkarlığın inkişafına yönəldilmiş bu kreditlər habelə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektərinə, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən məlumata görə 01.06.2020-ci il tarixinə Fondun kredit portfeli 1 mlrd. manat təşkil edir.

 

SİF-in kənd təsərrüfatı strategiyası 

Prezidentin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Yeni mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır. Həmçinin, Fondun vəsaitləri hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də güzəştli kredit veriləcək. Hətta kredit götürmək üçün girovu olmayan vətəndaşlara da SİF tərəfindən güzəştli biznes kreditləri veriləcək. Bu halda güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm ilə bankların faiz dərəcəsi 7% təşkil edəcəkdir.

Xüsusilə kənd təsərrüfatında uzunmüddətli kreditlərin verilməsində çox sayda güzəştlər nəzərdə tutulub. Beləliklə, kənd təsərrüfatı üzrə uzunmuddətli investisiya tələb edən sahələrdə, kiçikhəcmli kreditlər üzrə kreditmüddəti 3-5 il, ortahəcmli kreditlər üzrə 5-7 il və kredit dövrünün yarısı güzəşt müddəti olur. Əlavə olaraq epidemia, təbii fəlakət və digər buna bənzər hallarda borcun geri ödənilməsində möhlət verilməsi də nəzərdə tutulmuşdur. Fonda verilən səlahiyyətlə sahibkarlara veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi təmin ediləcək. Məqsəd pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi və qeyri-neft sektorunun inkişafına töhfə verilməsidir. Ətraflı məlumat İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan sahibkarlar üçün elektron kredit platformasında mövcuddur:  https://e-edf.gov.az
İqtisadiyyat Nazirliyi ölkə Prezidentinin tapşırıqlarını effektiv şəkildə yerinə yetirməklə yanaşı müvafiq sahədə də produktiv çıxış edir. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır və Şuranın sədri İqtisadiyyat naziri tərəfindən təyin edilir. Fondun fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçiri və Heyət üzvlərini isə İqtisadiyyat naziri təyin edir.

 

Ancaq aqrar sahədə çalışan sahibkarlara kredit verən Fond - AKİA

Sahibkarlığın İnkişafı Fondu ilə yanaşı eynilə dövlət tərəfindən maliyyələşən aqrar sahədə layihələrin kreditləşməsinə xidmət edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi də güzəştli şərtlər ilə kredit verir.

2019-cu ilin IV rübündən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) formalaşdırılıb. AKİA vəsaitləri kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldilir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışının təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi, habelə regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
AKİA-da 15000 manatadək mikrokreditlər 3 ilədək verilir və güzəşt müddəti 12 ayadəkdir. Kiçikhəcmli kreditlər 15001 – 30000 manatadək, ortahəcmli kreditlər 30001–100000 manatadək hər birində 3 ilədək olmaqla, güzəşt müddəti 18 ayadək verilir. Böyükhəcmli kreditlər isə 100001 – 200000 manatadək 5 ilədək verilirvə burada güzəşt müddəti 24 ayadək təşkil edir. Habelə 1 000 000 manatadək kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər nəzərdə tutulmuşdur. Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün isə 5 ildir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin maksimal həddi 7%-dən artıq olmamalıdır.

 

NƏTİCƏ

Verilmiş güzəştli kreditlər biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Lakin, yenilikləri özündə əks etdirən mexanizmlə SİF-in təklif etdiyi güzəştli şərtlər ilə verilən kreditlər AKİA ilə müqayisədə müxtəlif kredit kateqoriyasına aid olan borcalanlar üçün daha əlçatandır. Hər iki qurumun verdiyi güzəştli kreditlərin dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşmasına baxmayaraq, həmin vəsaitlərin idarə edilməsi və məqsədəmüvafiq icra edilməsində AKİA ilə müqayisədə SİF daha yaxşı fəaliyyət nümayiş etdirir. AKİA kreditləri yalnız aqrar sahə üzrə ixtisaslaşmış və yalnız kənd təsərrüfatının inkişafı ilə bağlı layihələri maliyyələşdirdiyi bir halda, SİF təkcə bir sahə üzrə deyil, müxtəlif sahələr üzrə (həmçinin kənd təsərrüfatı) sahibkarları güzəştli kreditlər ilə təmin edir. SİF-də də AKİA-dakı kimi aqrar sahə üzrə kreditlərin olması, Fondunun kredit portfelində aqrar sektorun payının çox olması ilə yanaşı üstəlik AKİA-dan daha yaxşı fəaliyyət göstərməsinə görə, AKİA-nın bir qurum olaraq fəaliyyətinə ehtiyac qalmır və bu qurumların ayrılıqda fəaliyyət göstərməsi iqtisadi baxımdan faydalı olmur. Belə olan halda, SİF və AKİA-nın birləşməsi və İqtisadiyyat Nazirliyinin tabeliyində vahid bir qurum kimi fəaliyyət göstərməsi tövsiyəsi müzakirə edilə bilər. Həmçinin qurumların birləşməsi onlara olan nəzarətin asanlaşmasına gətirib çıxaracaq. Sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlə güzəştli şərtlər altında verilən kreditlərin bir mərkəzdən idarə olunması, öz növbəsində nəzarətin asanlaşması ilə yanaşı vəsaitlərin daha effektiv istifadəsinə kömək edə bilər.

Qeyd edilən səbəbləri nəzərə alaraq, bu qurumların birləşdirilərək və vahid bir qurum halına gətirilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi, ölkə iqtisadiyyatının dayanıqlılığına və makroiqtisadi inkişafına, habelə verilmiş güzəştli kreditlərin təyinatı üzrə effektiv istifadə edilərək produktiv nəticələr verməsinə müsbət töhfə vermiş olar.

 


İqtisadçı-ekspert Nicat Məmmədli 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)