Azərbaycanın beynəxalq bazarlarda nə qədər avrobondu var?
Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcunun 28,4 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin məlumata əsasən, bu rəqəm ilin əvvəlindən bəri dəyişməyib.
Ümumilikdə Azərbaycanın bu il oktyabrın 1-nə 4 milyard 893,1 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,3 %-i elə dollarda olub. Borcun tərkibində avro 6,3 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,7 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.
Xarici dövlət borcunun 50,7 %-i 5 ilə qədər olan müddətdə, 43,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.












