Bank

“Bank sektorunda gəlir fərqləri dərinləşir: kim lider, kim geridə?” - ROE-nin təhlili

2025-ci ilin üçüncü rübü bank sektorunda sabit gəlirlilik, amma artan fərqlilik dövrü kimi qiymətləndirilə bilər. İri və güclü kapital bazasına malik banklar daha yüksək ROE göstəricisi əldə edir, kiçik və orta banklar isə risk idarəetməsi və xərclərin azaldılması ilə rentabelliklərini qorumağa çalışırlar.

Əgər ümumi mənzərəyə baxsaq, ilk beş bank sektorun xalis mənfəətinin 60 faizindən çoxunu formalaşdırır. Bu isə bazar konsentrasiyasının artdığını və kiçik bankların rəqabətdə çətinliklə ayaqda qaldığını göstərir. Bunu bankların ROE göstəricilərinə əsasən təhlil etməyə çalışacağıq.

ROE nədir?

ROE - yəni “kapitalın gəlirliliyi” deməkdir. Bu göstərici bankın və ya şirkətin xalis mənfəətinin, onun balans kapitalına (yəni səhmdarların qoyduğu ümumi vəsaitə) nisbətini göstərir. Başqa sözlə, ROE göstərir ki, şirkət səhmdarların hər 1 manatı hesabına nə qədər mənfəət qazanır.

Liderlər – TOP 3

Siyahının başında yenə də Kapital Bank dayanır – 28%-lik ROE ilə. Bu, bankın davamlı mənfəət generasiya etmə gücünü, iri müştəri bazasını və rəqəmsal əməliyyatlarda üstünlüyünü təsdiqləyir. Kapital Bank son illərdə rəqəmsallaşma və pərakəndə müştəri seqmentinə fokuslanmaqla rentabelliyini sabit səviyyədə saxlayır.

Onun ardınca Bank Respublika (24.9%) və AccessBank (21.8%) gəlir. Hər iki bank kiçik və orta bizneslə iş, eyni zamanda fərdi müştərilərə yönəlmiş xidmətlər hesabına gəlirliliyini qoruyur. AccessBank üçün bu göstərici xüsusilə əhəmiyyətlidir — mikromaliyyə sahəsində ixtisaslaşmış bank kimi o, yüksək ROE-ni daha məhdud kapital strukturunda əldə edə bilib.

“Əlaçılar”ın İdarə heyətlərinin sədrləri kimlərdir?

“Kapitalbank”ın İdarə Heyətinin sədri – Fərid  Hüseynov

Bank Respublika – Tariyel İsmayılov

“AccessBank”ın İdarə Heyətinin sədri – Davit Tsiklauri

Qızıl orta...

Yelo Bank (19.5%), Bank of Baku (19.0%) və PAŞA Bank (17.8%) kimi maliyyə qurumları orta-yüksək rentabellik qrupunda yer alır. Burada PAŞA Bankın rolu fərqlidir – o, əsasən iri korporativ müştərilərə xidmət edir və yüksək kapital tələbləri fonunda risklərin azaldılması strategiyasına üstünlük verir.

ABB (16.5%) və Ziraat Bank Azərbaycan (15.9%) kimi dövlət və xarici kapital iştiraklı banklar da sabit gəlirlilik nümayiş etdirirlər. Onların fəaliyyətində iri layihələr, dövlət proqramları və beynəlxalq əməliyyatlar əsas rol oynayır.

Bazarda diqqətli oyunçular

Siyahının orta hissəsində Rabitəbank (13.3%), Xalq Bank (12.9%), VTB Azərbaycan (12.5%), Unibank (11.3%) və Azər Türk Bank (10.7%) kimi banklar yer alır. Bu qurumlar bazar paylarını qorumaq və müştəri etimadını artırmaq istiqamətində ehtiyatlı maliyyə siyasəti yürüdürlər. Onların ROE göstəriciləri sabit olsa da, sektorun liderlərindən xeyli geri qalır.

Risk qrupundakı banklar

Yapı Kredi Bank Azərbaycan (8.5%), Bank Avrasiya (8.4%), Premium Bank (6.2%), Expressbank (5.9%), Azərbaycan Sənaye Bankı (5.4%) və AFB Bank (4.0%) kimi banklar nisbətən aşağı rentabelliklə fəaliyyət göstərirlər. Bu, onların kapital bazasının kiçikliyi və faiz gəlirlərinin məhdudluğu ilə bağlıdır.

Siyahının sonunda isə Bank BTB (-1.7%) qərarlaşıb. Xüsusilə BTB Bank mənfi ROE ilə (zərər dövrü) diqqət çəkir ki, bu da bankın ehtiyat fondlarının artması və kredit portfelinin zəifləməsi ilə əlaqələndirilə bilər.

Banklar

2025-ci il, III R
ROE,%
(Xalis mənfəət/ Balans kapitalı)

Kapital Bank ASC

28.0%

Bank Respublika ASC

24.9%

AccessBank QSC

21.8%

Yelo Bank ASC

19.5%

Bank of Baku ASC

19.0%

PAŞA Bank ASC

17.8%

ABB ASC

16.5%

Ziraat Bank Azərbaycan ASC

15.9%

Rabitəbank ASC

13.3%

Xalq Bank ASC

12.9%

Bank VTB (Azərbaycan) ASC

12.5%

Unibank KB ASC

11.3%

Bank Melli İran Bakı filialı

10.9%

Azər Türk Bank ASC

10.7%

Yapı Kredi Bank Azərbaycan QSC               

8.5%

Bank Avrasiya ASC

8.4%

Premium Bank ASC

6.2%

Expressbank ASC

5.9%

Azərbaycan Sənaye Bankı ASC

5.4%

AFB Bank ASC

4.0%

TuranBank ASC

2.0%

Bank BTB ASC

-1.7%

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)