Rusiyada yüksək vəzifəli şəxs vaksinə görə İSTEFA VERDİ
Rusiya Səhiyyə Nazirliyinin Etik Şurasının rəhbəri Aleksandr Çuçalin vəzifəsindən istefa verib.
ENA.az “Medvestnik”ə istinadən xəbər verir ki, Çuçalin istefa verdiyini elan edərkən qeydiyyata alınan koronavirusa qarşı vaksindən də danışıb. O, peyvəndin arxasında bilinən iki adı xüsusilə qeyd edib. Belə ki, həmin şəxslər peyvəndin hazırlandığı “Gamaleya” Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq və Rusiya Ordusunda polkovnik vəzifəsini icra edən virusoloq, prof. Sergey Boriseviçdir.
Çuçalin sözügedən şəxslərdən peyvəndlə bağlı istər Rusiya, istərsə də beynəlxalq səviyyədə qəbul edilmiş nəzarət protokollarının həyata keçirilib-keçirilmədiyini soruşduqda “xeyr” cavabını aldığını bildirib.
O, bu vəziyyəti qəbul edə bilməyəcəyini deyərək tibb elminin ən vacib hissəsi olan “Heç kimə zərər verməmək” etik prinsipinin pozulduğunu söyləyib. Bundan əlavə, A.Çuçalin həmkarlarının bu münasibətinə görə çox məyus olduğunu qeyd edib.