Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi
“Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək ekoloji böhrandan xəbər verib.
Bu barədə ENA.az RİA “Novosti”yə istinadən xəbər verir.
O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.
"Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb.
Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.
“Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edib. Sahibkarın hesablamasına görə, yaxın 40 ildə Yerdəki yüksələn temperaturdan ölüm eyni sayda olacaq, 2100-cü ilə qədər isə bu rəqəm beş dəfə artacaq.