MALİYYƏ

Samir Əliyev: Ən böyük problemi depozitlərin sürətlə əriməsi prosesi yarada bilər

Mart-iyun aylarında Azərbaycan banklarının depozit portfeli 2 milyard 409 milyon manat çıxarılıb. Bu proses belə davam etsə bank sektoru üçün hansı riskər yarada bilər? ENA.az-ın suallarını maliyyə sektorunda tanınmış ekspert Samir Əliyev cavablandırır. 

 

- Samir müəllim, həm sahibkar, həm də əhalinin hesablarında ciddi azalma baş verir. Sizcə bu nə ilə bağlıdır? 

- Düşünürəm ki, bu iki səbəbdəndir, biri, neftin düşməsi fonunda manatın ucuzlaşması riski idi. Əhali banklardakı əmanətlərini dollara çevirməyə, ya da pulu çıxarıb evdə saxlamağa üstünlük verdi. Çünki bizdə o təcrübə var ki, devalvasiya oldusa banklar bağlanacaq. Bu, proses martda baş verdi, ardınca da aprelin sonunda 4 bank bağlandı. Təbii ki, ard-arda baş verən hadisələr depozitlərin azalmasına təkan verdi. Belə baxanda, hazırda bankların depozit partfeli onların kredit partfelini üstəliyir. Misal üçün devalvasiyaya qədər bu göstərici tərsinə idi, depozit partfeli kredit portfelinin hardasa 70-80%-i qədərini təşkil edirdi. Amma bir neçə il ərzində tendensiya əksinə dəyişdi və depozitlərin həcmi kreditlərdən daha yüksək oldu. Bunun səbəbi əlbəttə, əvvəla onunla bağlı idi ki, kreditləşmə xeyli dərəcədə azalmışdı. Depozitlərin həcmi kreditləri üstələdiyinə görə də bankların əlində kifayət qədər izafi pul yaranmışdı. Koronavirus pandemiyası olmasaydı, bu il əsas problem bankların öhdəliklərini yerinə yetirməsində yaranacaqdı. Çünki depozit bir borcdur. Sadəcə, koronavirus ortalığa düşdü və depozitlərin geri çəkilməsi başladı. Nəticəyə baxsaq görərik ki, büdcəyə çıxışı olan bankların pulla bağlı problemləri yoxdur. Amma digər banklar arasında 15%-dən depozit götürənlər var. Yəni, bu bankarın hazırda pula ehtiyacı yüksəkdir. Amma digər tərəfdən əsas problem onunla bağlıdır ki, bankların depozitdən yüksək asılılığı müşahidə olunur. Çünki hazırda kredit portfelində depozitlərin payı hardasa 70-80%dir.

 

- Belə çıxır ki, hazırda depozitdən asılılıq yaranıb?

- Əvvəl banklar beynəlxalq təşkilatlardan vəsait cəlb edirdilər, bu hardasa 15-20% civarında dəyişirdi. Devalvasiyadan sonra xarici borclarını qaytarmağa başladılar və indi artıq həmin borcdan demək olar ki, heç nə qalmayıb. Cəlb edilən xarici vəsaitlər isə çox cuzidir. Bu, bir mənbədir. İkinci bir mənbə Mərkəzi Bankdan mərkəzləşdirilmiş kredit alırdılar. Yenə də bu 20%-ə qədər gəlib çatmışdı. Bu gün mərkəzləşmiş kreditlərin payı 3-4%-ə düşüb. Üçüncü və əsas mənbə depozitlərdir. Bu gün depozitlərdən asılılıq çox yüksəkdir. Depozitlərin geri çəkilməsi isə sektorda likvidlik problemi yara bilər. Daha çox bu problemi depozitlərin sürətlə əriməsi prosesi yarada bilər. Yəni, birdən-birə müştərilər qısa bir müddətdə pulunu qaytarmağı tələb edərsə, banklar öz öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşəcəklər. Düşünürəm ki, bizim əsas çətinliyimiz hazırda bununla bağlıdır. Hesab edirəm ki, depozitlər çəkilməkdə davam etsə və yenidən dollarlaşma baş verərsə bu ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün arzuolunmaz hallar ortaya çıxaracaq.

 

- Sizə elə gəlmirmi ki, Mərkəzi Bankın son açıqlamalarında da bəzi səhvlər oldu. Məsələn, Mərkəzi Bank sədri bağlanan banklarda qalan sahibkarların pulunun geri qaytarılması ilə bağlı suala cavabında elan elədi ki, vəsaitləri dövlət bankına qoyardınız, onun arxasında dövlət dayanır. Bundan sonra sədrin birinci müavini Alim Quliyev belə bir açıqlama verdi ki, bir çox məsələlər var ki, ictimaiyyətə açıqlanmır. Yəni, bu açıqlamalar özəl banklardan depozit axını prosesini sürətləndirmirmi?

 

- Burada bir neçə çağırış oldu. Mərkəzi Bank rəhbərinin dövlət banklarına etibar edin kimi çağırışı dövlət bankı və özəl bank arasında diskriminasiyadır və belə bir çıxış yolverilməzdir. İkinci isə sahibkarlara, müştərilərə yönəlik bir fikir səsləndi ki, pul qoyanda baxın hara qoyursunuz. Bu da kökündən düzgün olmayan bir yanaşmadır. Əgər belədirsə, əgər seçimi biz müştərin öz üzərinə qoyuruqsa, onda gəlin banklar üçün lisenziyanı ləğv edək və sabah da problem olanda müştəri özü məhsuliyyət daşısın. Əgər bank xidməti lisenziyalaşdırılmış fəaliyyətdirsə, demək onun fəaliyyətinə nəzarət var və o qanunun tələblərini yerinə yetirməyə qadirdir. Yerinə yetirə bilmədiyi təqdirdə də qısa müddətdə tədbir görüləcəkdir. Ona görə də məsuliyyəti insanların üzərinə atmaq düzgün deyil. Alim Quliyevin açıqlamasına gəldikdə müəyyən qədər başa düşürəm ki, Mərkəzi Bank əmanətlərin qəbulunu dayandırmaq haqqında qərar verirsə bunu ictimaiyyətə açıqlamamaq olar. Təsəvvür edin, hər hansı bir bank haqqında bir məlumat çıxdı, nə baş verəcək? Hamı qaçacaq banka və əmanətlərini çəkəcək. Hesab edirəm ki, elə mexanizmlər işlənməlidir ki, problem yaratmasın, əmanətin statusu əvvəlcədən bilinsin. Ən yaxşısı odur ki, əmanətçilər üçün elektron baza yaradılsın. Əmanətçilər də həmin elektron bazadan öz əmanətlərinin hərəkətlərini, vəziyyətini izləsin.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)