Sosial iqtisadiyyat

“ASAN Xidmət” sədrindən yeni QƏRAR: Daha vəsaitin 50 faizi bölüşdürülməyəcək

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.

ENA.az xəbər verir ki, bununla bağlı “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev qərar imzalayıb.

Həmin sənədin 1.2-1-ci bəndi Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında idi.

Bu, Prezidentin 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanının 2.4-cü bəndinə əsaslanırdı.

Bənd özündə “ASAN Xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizinin bölüşdürülməsini ehtiva edirdi. Amma ödənilən hər bir dövlət rüsumu üzrə 5 000 manatdan çox olmamaq şərti ilə.

Bənddə müvafiq vəsaitin 50 faizinin aşağıdakı kimi bölüşdürülməsi nəzərdə tutulurdu:

5 faiz Prezident Administrasiyasında, Prezidentinin İşlər Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür.

45 faiz Dövlət Agentliyinin və “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Dövlət Agentliyinin hesabına köçürülür.

Ülvi Mehdiyevin qərarı ilə isə həmin bənd (1.2-1) ləğv olunub.

Həmin qaydanın 1.3.1 bəndində nəzərdə tutulan xüsusi vəsaitin həcminə də dəyişiklik edilib.

Qərara əsasən, xüsusi vəsait “ASAN Xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizini (ödənilən hər bir dövlət rüsumu üzrə 5 000 manatdan çox olmamaq şərti ilə) təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan məbləğdir.

Qərar iyulun 24-dən qüvvəyə minib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department