Arzuolunmaz rəqəm: 4 ayda banklardan 2 milyard 409 milyon manat çıxarılıb
2020-ci ilin mart ayından başlayaraq əhalinin və biznesin bankdakı pullarını geri çəkməsi müşahidə olunur. ENA.az xəbər verir ki, 2020-ci il fevral ayının sonuna banklardakı depozitlərin həcmi 21 milyard 790.7 milyon manata yüksəlmişdi. Azərbaycan Mərkəzi Bankının bu ilin altı ayı üzrə yekun nəticələrinə görə, bank sektorundakı depozitlərin ümumi həcmi 19 milyard 381.7 milyon manata düşüb. Yəni ötən 4 ayda, yəni mart-iyun aylarında banklardan 2 milyard 409 milyon manat pul çıxarılıb.
Bu göstərici və tendensiya isə sektorun dayanıqlığı üçün arzuolunmazdır.
Təkcə əhalinin bank əmanətləri 980 milyon manat əriyərək 7 milyard 706,4 milyon manata düşüb. Bunun böyük hissəsi - 908 milyon manatı məhz əhalinin müddətli depozitlərində baş verib. Belə ki, fevral ayında müddətli depozitlərin həcmi 5 milyard 578 milyon manat idisə, iyunun sonunda 4 milyard 670 milyon manata qədər kiçilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri bütün əmanətlərin 54%-i səviyyəsindədir.
Yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 3 milyard 545 milyon manatdır və bütün əmanətlərin 46%-ini tutur.
30 iyun 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 351,4 milyon manat, qeyri-rezidentlərin – 355 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 10,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 18,2% azalıb.