Rusiyada koronavirus əleyhinə peyvəndin sınağı uğurla başa çatdı
Rusiyada dünyada koronavirusun ilk peyvəndinin kliniki sınağı uğurla başa çatıb və alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.
“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Seçenov Universitetinin Tibbi Translyasiya və Biotexnologiya institutunun direktoru Vadim Tarasov deyib.
“Seçenov universiteti dünyada koronavirusa qarşı ilk peyvəndin könüllülər üzərində sınağını uğurla başa çatdırdı”, - deyə Tarasov bildirib.
Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu iyulun 15-də, ikinci qrupu isə iyulun 20-də müşahidə altında evə buraxılacaq.
Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, peyvəndin təhlükəsizliyi alimlər tərəfindən tam təsdiq olunub və sınaqda iştirak edənlərin səhhətində problem müşahidə olunmur:
“Könüllülər iki qrupa bölünmüşdülər. Birinci qrupa vaksinin bir dozası, ikinci qrupa isə iki dozası vurulub. İlk gündə könüllülərin hərarəti qalxsa da, sonradan onlarda neqativ reaksiyaya rast gəlinməyib və onlar özlərini yaxşı hiss edirlər”.
Tarasovun sözlərinə görə, könüllülər uzun müddət izolyasiya olunublar və sınaq müddətində onların xarici dünya ilə əlaqələri məhdudlaşdırılıb. Bu səbəbdən könüllülərdə sınaq müddətində bir sıra psixoloji konfliktlər yaşanıb və emosional stresləri artıb. Ona görə də, sınaq müddətində işə psixoloqlar da cəlb olunub.
Bununla belə könüllülər adi həyata qayıdacaq, idmanla məşğul olub, təhsil ala, işə gedə biləcəklər. Onlar evə buraxıldıqdan sonra isə immunitetlərinin necə olacağını öyrənmək üçün həkim müşahidəsində olacaqlar.
Qeyd edək ki, Covid-19 peyvəndinin kliniki sınağı Seçenov Universitetində iyunun 18-də başlayıb.