Sosial iqtisadiyyat

Azərbaycanda 121 süni göl ləğv edilib

 Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkənin 30 rayonunda 537 süni göl müəyyən edilib və onlar barədə məlumat bankı yaradılıb.

"BI" Komitəyə istinadən xəbər verir ki, balıq yetişdirmək məqsədi ilə yaradılmış bu göllərin 131-i Salyanda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabulda, qalanı isə digər bölgələrdə aşkar edilib.

Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.

Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

“Sahibkarlar bilməlidirlər ki, Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir. Komitə inzibati tədbirlərlə yanaşı maarifləndirilmə işləri də aparır. Bununla bağlı rayonlarda keçirilən görüşlər zamanı sahibkarlar ətraflı olaraq məlumatlandırılırlar”, - deyə məlumatda qeyd olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department