BP: Bu il qlobal neft tələbatının bərpası gözlənilmir
"Qlobal səviyyədə neftə olan tələbat bu ilin sonunadək bərpa olunacağı gözlənilmir".
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, dünyada neftə olan tələbatın və qiymətlərin formalaşmasına tək hasilat təsir göstərmir, burada müxtəlif geosiyasi, iqtisadi, psixoloji, ekoloji və sair amillər mövcuddur: "Tələbatın inkişafı ilə bağlı bir sıra ssenarilər mövcuddur və bu ssenarilərdə cari ilin sonunadək tələbatın bərpasını proqnozlaşdırılmır".
B. Aslanbəyli onu da bildirib ki, 2020-2021-ci illərdə qlobal neftə olan tələbatın bərpası pandemiyanın cərəyanından, bir sıra ölkə tərəfindən hasilatın azaldılması üzrə üzərilərinə götürdükləri öhdəliklərin təmin edilməsindən, ümumdünya iqtisadiyyatın bərpası və digər məsələlərdən asılı olacaq.