Bank

Günahkar banklar, yoxsa Mərkəzi Bankdır?

Azərbaycanda bağlanan banklardan daha birinin əmanətçiləri bankdakı depozitlərini ala bilmir. ENA.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən “AG” Bankın əmanətçisi Elçin Məmmədov bildirib ki, banka 2018-ci ildə 2 hesabda əmanət qoyub:

“ 2019-cu ilin iyununda əmanətin vaxtını uzatdım.Bir hesaba 30 min manat, digər hesaba isə 10 min manat pul qoymuşdum.
Heç bir borcum olmadığı halda əmanətimə blok qoyulub. Bank bağlandığı üçün əmanətləri almaq üçün müraciət edəndə bəzilərinin adı sistemdə çıxmadı. Bəzi hesablara bilinməyən səbəblərdən blok qoyulub. Bununla bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edəndə bildirdilər ki, 27.01.2020-ci ildə Mərkəzi Bank 4 banka əmanət qəbuluna qadağa qoyub. Banklar isə buna məhəl qoymayaraq əmanətçilərdən əmanət qəbul etməkdə davam edib. 

Qadağa barədə məlumat almaq üçün Mərkəzi Banka getdik. Ancaq səlahiyyətli şəxslər məsələdən xəbərdar olduqları halda bizə açıqlama vermədilər.

Daha sonra Fonda, Prezident Aparatına getdik, amma şikayətimizə cavab verən olmadı. Biz başa düşə bilmirik. Mərkəzi Bank banklara qoyduğu qadağanı açıq elan edə bilərdi. Deyə bilərdilər ki, əhali həmin banklara əmanət qoymasın və ya kim qoyubsa, vaxtını uzatmasın. Biz banka sığortalı olaraq əmanət yerləşdirmişik. Bizə möhürlü müqavilə və əmanət kitabçası verilib.

Bu problemi yaşayan nə qədər əmanətçi var. Halal zəhmətiylə çörəyini qazanan, qəpik-qəpik yığıb banklara pul qoyan əmanətçilərə Mərkəzi Bankın rəhbərliyi görəsən acıdımı?! Bizi uzaqlaşdırmaq üçün polisi qabağa verdilər. Ancaq biz əmanətçilər sonuna qədər haqlarımızı tələb edəcəyik".

Bankın digər əmanətçisi Rəsmiyə Qasımova da bildirib ki, 2016- cı ildə banka 15 min dollar pul qoyub: “Hər il də müqaviləni yeniləmişəm. İndi əmanəti bizə qaytaran Beynəlxalq Bank 6070 dollar geri qaytarır. Qalan əmanətə isə blok qoyublar. Əmanətlərin Sığortalanamsı Fonduna müraciət etdim, dedilər ki 2017- ci ildən bank əmanət qəbul etməməliymiş. Əgər qəbul etməli deyildisə, mənim əmanətimin hamısı bloka düşməli deyildimi? Niyə yarısını qaytarırlar onda? Bu 3 il müddətində aidiyyatı qurumlar olan Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu hara baxıb ? 3 il ərzində bu qədər adamdan depozit alıblar. Bu bankın 30-a yaxın filialı var. İndi görün nə qədər əmanətçi bundan ziyan çəkib. Belə olanda kimin banklara inamı qalar?! Ona görə də əmanətçilər digər banklardan da əmanətini götürür və nəticədə bank sistemi çökməli olacaq”.

Əmanətçi Lalə Əliyeva da banka 30 min dollar sığortalı əmanət qoyub. O da əmanətini geri ala bilmir.

Onlar bankın 90 faizdən çox müştərisinin eyni problemi yaşadığını qeyd edirlər.

İqtisadçı ekspert Samir Əliyev mövzuyla bağlı bildirib ki, 4 bank bağlandıqdan sonra əmanətçilərin kompensasiyalarının verilməsinə başlanılıb: "Kompensasiyaların verilməsi zamanı əmanətçilərin üzləşdikləri problemləri tənzimləyici qurumun məsuliyyətsizliyi, Əmanətlərin Sığortalanması Fondunun özfəaliyyəti, bankların isə qanunsuz fəaliyyəti kimi qiymətləndirmək olar. Söhbət ondan gedir ki, tənzimləyici qurum bilir ki, 2019-cu ilin sonuna qədər banklara nəzarət işini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Bundan sonra isə Mərkəzi Bank bu səlahiyyəti üzərinə götürüb. Bu qurumlar hər 4 banka məktub göndərərək onlardan əmanət qəbulunu dayandırmağı tələb edib. Buna baxmayaraq məlum olur ki, hər 4 bank əmanətləri qəbul etməkdə davam edib. Burada tənzimləyici qurumun öz işinin öhdəsindən gəlməsi qənaətinə gəlmək olar və bankın qanunu pozması fikrini söyləmək olar. Banklar qanunu pozublar. Banklar lisenziya ilə fəaliyyət göstərdiklərindən onların tənzimləyici qurum qarşısında öhdəliyi var və bu qurumun qanunvericilikdən qaynaqlanan tələblərini yerinə yetirməyə borcludurlar. Konkret olaraq "NBC"Bank məlum olur ki, Mərkəzi bankın 27 yanvar 2020-ci ildə göndərdiyi məktubu filiallara göndərməyib. Filial rəhbərlərinin belə bir məktubdan xəbəri olmayıb. Bunun gizlədilməsi faktı birbaşa qanun pozuntusudur.

Bu məsələdə bir sual ortaya çıxır. Əgər banklar əmanət qəbul etməkdə davam ediblərsə, bu halda nə üçün Əmanətlərin Sığortalanması Fondu onlardan sığorta haqqı yığıb? Böyük ehtimalla Mərkəzi Bank məktubu banklara göndərib, ancaq həmin məktubun sürətini Əmanətlərin Sığortalanması Fonduna göndərməyib. Ya da ki, Mərkəzi Bank göndəribsə də, Fond sığorta haqqı yığmağa davam edib. Hər bir halda burada Mərkəzi Bankın məsuliyyəti var. Bu bankların əmanət qəbulu ilə bağlı faktlar mətbuatda dərc olunur. Mərkəzi Bank da ən azı həmin bankların əmanət faizləriylə bağlı məlumatların yayımlandığını görür. Bundan əlavə, banklar daim Mərkəzi Banka hesabat verir. Hesabat zamanı da ən azı bu məsələni aşkara çıxarmaq olar. Belə çıxır ki, banklar hesabat verən zaman qanunsuz əmanətlər barədə məlumat verməyib. Bəs, audit şirkəti bunu niyə aşkara çıxara bilməyib? Axı əmanətlər bankların öhdəliklərində öz əksini tapır. Deməli, audit şirkətləri də bu işi düzgün qurmayıblar. Buradan məlum olur ki vəziyyət hamıya aydın olub, ancaq heç kim konkret tədbir görməyib. Bunun da ağır nəticəsi sonda əhalinin üstünə düşüb. 

Əmanətçilər öz pullarını tələb etməkdə tamamilə haqlıdır. Bu məsələdə ilk növbədə bank məsuliyyət daşıyır. Bank cinayət tərkibli addımlar atıb. Bu əmanətlər qaytarılmalıdır. Təcrübə də göstərir ki, Fond özfəaliyyətlə məşğuldur. Əmanətləri, girov qismində əmanəti olan kreditləri bloklayır. Əmanətçilərin əmanətlərini qaytarmır. Banklarda filialların birləşməsi nəticəsində əmanətlərin yenidən banklar tərəfindən qeydiyyatı aparıldığına görə Fond bunu sığortalanmış əmanət kimi qəbul etmir. Belə bir analoji vəziyyət yaranıb. Ümumilikdə isə ölkənin bank sektoruna zərbə dəyir. Əmanətlərin sığortalanma sisteminə inam sarsılır. Düşünürəm ki, bu məsələyə Mərkəzi Bank və hökumət müdaxilə etməlidir. Tam olaraq əhalinin əmanətləri geri qaytarılmalıdır".

Məsələylə bağlı həm Mərkəzi Banka, həm də Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilsə də, onlar hələ ki bu məsələyə cavab vermirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)