Sosial iqtisadiyyat

Sərt karantin günlərində apteklər necə fəaliyyət göstərəcək?

Nazirlər Kabineti yanında Operativ Qərargah 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərt karantin rejimi elan edilən ərazilərdə apteklərin fəaliyyətinə icazə verib.

ENA.az xəbər verir ki, sərt karantin rejimi tətbiq edilən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində apteklərin işləməsi qaydaları müəyyən edilib.

Qaydalara görə, apteklərin fəaliyyətinə icazə verilsə də, həmin günlərdə bu obyektlər sərbəst fəaliyyət göstərə bilməyəcək. Belə ki, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib. Yəni, apteklər yalnız sifariş əsasında müştəriyə lazım olan dərman preparatını vətəndaşın evinə çatdıra bilər. Karantin günlərində apteklərdən açıq satışa, müştəri qəbul etməyə icazə verilməyəcək. Bu günlərdə aptek işçilərinin sərt karantin elan olunan ərazilərdə hərəkətinə də xüsusi qaydalar əsasında icazə var. Belə ki, sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Yəni aptek sahibi həmin günlərdə işləyəcək əməkdaşlarının ad-soyadını və fəaliyyət göstərən aptekin ünvanını “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bundan sonra fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək. Sərt karantin günlərində hər hansısa dərman preparatı lazım olan vətəndaş bu sayta daxil olmaqla yaxın ərazidə hansı aptekin fəaliyyət göstərdiyini müəyyən edəcək və zəng vasitəsilə sifarişini verə biləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) isə sərt karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılmasını tövsiyə edib.

Qurumun şöbə müdiri Yaqut Qarayeva Trend-ə açıqlamasında bildirib ki, bu prosesdə aptek sahibləri sui-istifadə hallarına yol verməməlidirlər: “Gündəlik istifadə edilən dərmanların əvvəlcədən tədarük edilməsi tövsiyə olunur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar ünvana çatdırıla bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)