Dövlət Tərcümə Mərkəzi ötən ili zərərlə başa vurub
Azərbaycan Dövlət Təcrümə Mərkəzi (Mərkəz) 2019-cu ili 105 min manat zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 65 min manat mənfəətlə çıxmışdı.
Ötən il Mərkəzə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 3,4% çox – 1,8 milyon manat vəsait ayrılıb, qurumun əməliyyat gəlirləri isə 24 min manat (51,65% çox) təşkil edib.
Mərkəzin xərclərinə gəlincə isə, hesabat dövründə işçi heyətinə 1,2 milyon manat (13,5% çox), amortizasiyaya 111 min manat (2,6 dəfə çox), əməliyyatlara isə 631 min manat (10,75% az) xərc çəkilib.
Bu il yanvarın 1-nə Mərkəzin aktivləri, həm də balans kapitalı (öhdəlikləri yoxdur) 1,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,6% azdır. Bununla belə, hesabat dövründə qurumun nizamnamə kapitalı 36% artırılaraq 2 milyon manata çatdırılıb.