““Lider” TV işçilərinə 2 ayda cəmi 150 AZN maaş verib
“Lider” TV-nin bütün əməkdaşları işdən kənarlaşdırılıb.
Telekanal əməkdaşları kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Əməkdaşlar isə işlərini itirməkdən qorxduqları üçün tapşırığa əməl etmək məcburiyyətində qalıblar. Bu barədə “BakuPost” yazır.
Əldə etdiyimiz məlumata görə, işçilərin 90 faizindən ərazilər alınıb. Kanalda texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efirin isə köhnə veriliş və filmlərlə doldurulacağı planlaşdırılır.
Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb “Lider” TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq, işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Artıq 4 aydır kanalda tam maaş verilmir. İşçilərə mart ayında 100, apreldə isə cəmi 50 manat maaş verilib.
Məlumatda o da bildirilir ki, kanalın gələcəyi ilə bağlı iki seçim üzərində düşünülür. Birincisi, kanal rəhbərliyinin tamamilə dəyişdirilməsi. İkincisi, “Lider” TV-nin tam olaraq bağlanması. Buna səbəb kimi isə bu günə qədər kanalda aparılan bütün islahatların, layihələrin, kadr yenilənmələrinin uğursuz alınması göstərilir.