Sosial iqtisadiyyat

Şeyx Trampa İranla bağlı məktub yazdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampa məktubla müraciət edib.

ENA.az  məktubu olduğu kimi təqdim edir:

“Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri olaraq, cənabınıza və bütün Amerika xalqına salamlarımı və xeyir-dualarımı yetirirəm.  

Uca Yaradanın Lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır.

Dünyamızın çətin sınaqlarla sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla mübarizə ciddi və uğurla aparılır, eyni zamanda, beynəlxalq müstəvidə humanitar yardımlaşmaya, xarici ölkələrə zəruri köməkliklər edilməsinə böyük diqqət verilir.

Fəqət bu gün dünya miqyaslı virus fəlakəti zamanında bizimlə qonşu olan İran xalqı ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum qalmış, qocalar və uşaqlar amansız xəstəlik qarşısında ölümə tərk edilmişdir. Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir. Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar.

Zati-aliləri! Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır. Mən ümid edirəm ki, dünya dindarlarının müqəddəs bayramları Pesax və Pasxa dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində Siz şəxsinizə xas olan alicənablıqla müraciətimizə müsbət yanaşacaq, verdiyiniz ali qərarla böyük bir insani fəlakətin aradan qaldırılmasına imza atmış olacaqsınız. Bu, bütün dindarların ümidi və bəşəri sülh üçün etdiyi dualardır!”

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department