Bank

"YeloBank"ın bölüşdürülməmiş zərəri daha da artdı: HESABAT

Rebrendinq edən “YeloBank”ASC-nin maliyyə göstəricilərində diqqət çəkən müsbət məqam aktivlərinin həcminin artması, mənfi tendensiya isə balans kapitalının əriməsidir.

 

Kreditləri artıb 

ENA.az xəbər verir ki, yanvar-mart aylarının sonunda aktivlərinin həcmi 471 milyon 555 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur. Aktivlərin tərkibində 273 milyon 210 min manatını, yəni 58%-ni kreditlər tutur. Müqayisə aparsaq, son bir ildə bankın kredit portfeli 33% böyüyüb.  

Aktivlərin tərkibindəki tendensiya onu göstərir ki, aktivlərin digər maddələri, məsələn müxbir hesabındakı, digər banklardakı depozitlərinin həcmi artıb. Eyni zamanda, bank qiymətli kağızlara qoyduğu investisiyanı 2 dəfəyə yaxın artıraraq, 21 milyon manata yüksəldib.

 

Mərkəzi Banka borcunu ödəyib

Hesabat dövründə "Yelo Bank"ın öhdəlikləri 16% artaraq 410 milyon 390 min manata çatıb. Öhdəliklərdə ən böyük artım depozit portfelində qeydə alınıb. Bankdakı depozitlərin həcmi 34,2% artaraq 305 milyon 31 min manata çatıb.

Öhdəliklərin tərkibinə baxsaq, bank əlavə vəsait cəlb etmək üçün müxtəlif imkanlardan istifadə edib.  Ucuz maliyyələşmə mənbəyi kimi vəsait cəlb etmək üçün 8 milyon 500 min manat dəyərində qiymətli kağız buraxıb. Bank ötən bir ildə Mərkəzi Bankdan aldığı 27 milyon manat borcun 19 milyon 940 manatını qaytarıb. Əgər rəqəmləri rüblər üzrə müqayisə etsək, 2019-cu ilin sonuna "YeloBank"ın Mərkəzi Banka borcu 4 milyon 683 min manata düşmüşdü. 2020-ci ilin 1-ci rübündə bank yenidən borclandığından bu rəqəm 7 milyon 660 min manata qalxıb.

 

66 milyon manatlıq borclanma

Bankın borclarında ən böyük məbləğİ isə bank istisna olmaqla, digər maliyyə institutlarından aldığı 66 milyon manat həcmində kreditlər tutur. Ümumiyyətlə, bir bankın digər maliyyə qurumlarından vəsait cəlb etməsinin səbəbi nədir? Bank adətən cari öhdəlikləri olduqda və likvidliklə üzləşdikdə banklararası bazara üz tutur. Çünki banklararası bazarda borclanma heç də yaxşı hal hesab olunmur. Yəni, bank öz passivlərini, məsələn cəlb etdiyi depozitləri vaxtına görə səmərəli yerləşdirə bilmir, sonradan həmin depozitlərin ödənilməsi vaxtı çatanda banklararası bazara üz tutaraq borclanaraq həmin vəsaitlərin qaytarılmasını təmin edir. Konkret olaraq, “YeloBank”dakı 66 milyon manat borclanmaya gəlincə, bu vəsait banklardan cəlb olunmayıb və böyük ehtimal ki, "TBC Kredit"lə birləşmədən sonra böyük bir hissəsi ondan alınıb. Başqa sözlə, bu vəsaitlər "insayder" təşkilatlardan alınıb.  

Bankın balans kapitalı isə 11,5% azalaraq 66 milyon manatdan 61,165 milyon manata düşüb. Burada bankın bu ilin I rübünü 6,255 milyon manat zərərlə başa vurması mühüm rol oynayıb.

 

Bölüşdürülməmiş zərər çoxaldı 

Yanvar-mart aylarında "Yelo Bank"ın gəlirləri 14 milyon 788 min manatdır. Gəlirləri illik müqayisədə 23,1% azdır. Xərcləri 15,369 milyon manatdır, bu illik müqayisədə  52,2% çoxdur və yıqin ki, bu xərclərin artmasında bankın rebrendinq etməsinin əhəmiyyətli bir payı var. Bank xüsusi ehtiyatlara ayırmalarını isə 7% azaldaraq 5,674 milyon manata salıb.

Birinci rübdəki zərərini əlavə etsək, bankın ümumilikdə bölüşdürülməmiş zərəri 291 milyon 626 min manata yüksəlib.  

   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)