Vergi cərimələrin hesablanması dayandırılır?
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəşti və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, o cümlədən, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb.
ENA.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edərək bildirib ki, koronavirus pandemiyasının təsir etdiyi sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri üçün əmlak, torpaq, ödəmə mənbəyində tutulan vergi, eləcə də mənfəət və sadələşdirilmiş vergilərin məbləğlərində əhəmiyyətli azalma, eləcə də vergi ödənişlərində gecikmələrə görə hesablanan faizlərin aradan qaldırılması gözlənilir.
O bildirib ki, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Həmin güzəştlərdən biri də daşınmaz əmlakların icarəsi ilə bağlıdır. Koronavirus pandemiyası ilə bağlı vergi güzəştlərinin tətbiqi mexanizmləri ilə bağlı artıq təkliflər paketi İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb. Vergi ödəyiciləri üçün maraq doğuran vacib məsələlərdən biri onların icarəyə götürdüyü obyektlə bağlı idi.
Obyektləri icarəyə götürən iş adamları pandemiya dövründə öz fəaliyyətlərini ya qismən, ya da tam dayandırmışdı. Bəziləri, məsələn, tibb sektoruna aid olan müəssisələr, marketlər isə hazırda fəaliyyət göstərirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, əmlakların icarəsinə görə vergi ödəyiciləri ödəmə mənbəyində 14 faiz məbləğində vergi ödəməlidirlər. Təkliflər paketində yer alan əsas məqamlardan biri məhz daşınmaz əmlakın icarəsi ilə bağlı ödəmə mənbəyində tutulan verginin 50% azaldılaraq 7%-ə endirilməsidir. Məsələn, 1 000 manat icarə haqqına görə 140 manat vergi ödənilirdisə, artıq bu məbləğin 70 manata endirilməsi təklif olunub.
“Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılması məqsədi daşıyır və siyahıda mənfəət və gəlir vergisi ödəyiciləri də var. Güzəştlərdən biri mikro sahibkarlıq subyektləri ilə bağlıdır. Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq, gəlir və mənfəət vergisi ödəyiciləri cari mənfəət vergisi ödənişlərini ildə 4 dəfə hər rübdə həyata keçirirlər. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə görə, onlar hər rüb ötən ilin mənfəət vergisinin 25%-ni ödəməli idilər. 151.2-ci maddədə isə göstərilir ki, dövr ərzində əldə edilən gəlirlərə nisbətdə cari vergi ödəmələri həyata keçirilir. Yeni təkliflərə əsasən, cari vergi ödəmələri ilə bağlı 1 il müddətində güzəştlər tətbiq olunacaq.
Yəni 2019-cu ildən vergi borcu qalan şəxslər üçün həmin borcun ödənilməsi müddəti 2020-ci il sentyabrın 1-dək uzadılacaq. Bildiyimiz kimi, həmin borclar martın 31-dək hesabat veriləndən sonra ödənilməlidir. Əks halda, maliyyə sanksiyası tətbiq olunur. Yeni təkliflərlə həmin sanksiyalar dayandırılacaq və borcların ödənilmə müddəti uzadılacaq. Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin də 2020-ci ilin 1 sentyabr tarixinədək uzadılması gözlənilir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin birinci rübündə pandemiyanın yayılması ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması onların vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə görə borcları yaranıb. Həmin borclara görə onlara qanunvericiliyə uyğun olaraq gündəlik cərimə hesablanmalıdır və təkliflər paketində bu məsələ də nəzərə alınıb. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması təklif olunub.
İctimai iaşə sektorunda çalışan sahibkarlar da güzəştlərdən yararlana biləcəklər. Onların, təxminən 90 faizi 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləridirlər və yeni layihədə həmin vergi ödəyicilərinin yükünün 50% azaldılması nəzərdə tutulub. Hazırlanan təkliflər qəbul edilərsə, ictimai iaşə sektorunda tətbiq edilən sadələşdirilmiş verginin məbləği 4 faizə endiriləcək. ƏDV qeydiyyatında olan və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslərin 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ üçün qüvvədə olan müddətin 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması gözlənilir. Bu müddətdə həmin şəxslər sadələşdirilmiş vergi rejiminə keçməkdə sərbəst olacaqlar.