Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
“Qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib:
“İndiyə qədər operativ qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur.
Yoluxmanın artıb-azalma tezliyi spiralvaridir. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın.
Həkimlər də yoluxmanın qarşısınnı alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil.
Məsələn, aprelin 8-də bir sutka ərzində 3073 xüsusi karantin rejiminin pozuntusu olub. Aprelin 10-da bu göstərici 3112-yə yüksəlib. Bu gün, aprelin 11-də isə artıq bir sutka ərzində xüsusi karantin rejiminin qaydalarının pozuntusu 3810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.
İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların xüsusi karantin rejimin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq, bu günkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.