Sosial iqtisadiyyat

“Azərbaycan koronavirusun qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb”

“Koronavirus qlobal təhlükə olduğundan qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə, əməkdaşlığa ehtiyacı var: “Azərbaycan koronavirus xəstəliyinin qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Martın 3-dən etibarən tədris müəssisələri mərhələli şəkildə aprelin 20-ə qədər bağlanıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib”.

Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan koronavirusun başladığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir: “Martın əvvəllərində təşkilatın mütəxəssislərini ölkəyə dəvət etdik. Qısa müddətdə dəvətəmizə cavab verildi və ölkəmizə gələn nümayəndələr burada görülən işlərlə tanış olub müsbət qiymət verdilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department