Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmayıb
Son 24 saat ərzində Çinin materik hissəsində COVID-19-dan dünyasını dəyişən olmayıb. Bu, yanvar ayından bəri ilk dəfə qeydə alınıb. Lakin, yeni növ koronavirusa yoluxanların sayı 32 nəfər artıb, bunların hamısı “gətirilmiş” hallardır.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində xəstəxanalarda müalicə alan 89 nəfər sağalıb. Buna baxmayaraq, idxal olunan koronavirusa yoluxma halı 698-ə çatıb, 21 nəfərin vəziyyəti ağırdır.
Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik aşkar edilməyən 1 033 nəfəri qeydə alıb. Həmin şəxslərin 42-si sağalıb.
Qeyd olunub ki, Çində virusa yoluxanların ümumi sayı 81 740 nəfərə çatıb. Nəticədə 3 331 nəfər həyatını itirib.
Pandemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb, 59 nəfər xəstəxanadan evə buraxılıb.