Sağlamlıq

Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma halı qeydə alınmayıb. 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur: “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir labaratoriya qurulub ki, həmin labaratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz qoymaq mümkündür". 

"Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn market də fəaliyyətə başlayıb və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır. Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir", - nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department