Bakı-Naxçıvan-Bakı aviareysi həftədə bir dəfə yerinə yetiriləcək
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" aviaşirkətindən “ENA”ya verilən məlumata görə, beləliklə, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində həyata keçiriləcək. Bakıdan uçuş saat 13:10-da, Naxçıvandan uçuş saat 15:30-da baş tutacaq.
Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"-ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).
Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan paytaxtının sakinləri uçub gələ bilərlər.
Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.
"AZAL" aviaşirkəti vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.