Koronavirusa görə yaradılan 4 İşçi Qrupu nə iş görəcək?
Koronavirusun ölkə iqtisadiyyatına neqativ təsirini aradan qaldırmaq üçün prezident Sərəncamı ilə 1 milyard manat həcmində vəsait ayrıldı. Sərəncam əsasında koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.
Sərəncam əsasında 4 İşçi Qrupu (İQ) yaradılacaq.
Birinci İQ pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılacaq. İQ 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları hazırlayacaq, həmin meyarlar üzrə hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim edəcək. İQ eyni zamanda pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
İkinci İQ Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq. Bu İQ 25 gün müddətində ölkədə fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlayacaq.
Üçüncü İQ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq və Qrup 1 ay müddətində pandemiyanın ölkədə yarada biləcəyi məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə təkliflər hazırlayacaq.
Dördüncü İQ Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılacaq və ölkənin makroiqtisadi sabitliyin qorunub saxlanmasına məsul olacaq. Qrup 2 ay müddətində pandemiyanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək və təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
iqtisadçı Samir Əliyev