Banklara daxil olan nağd pullar təkrar dövriyyəyə buraxılmayacaq
Məlum olduğu kimi, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) da daimi əsasda müvafiq addımlar atır.
ENA.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Son günlər bir sıra media orqanlarında koronavirus infeksiyasının pul nişanları vasitəsi ilə də yayılması barədə məlumatlarla əlaqədar aşağıdakıları bildiririk.
AMB-nin həyata keçirdiyi tədavüldə təmiz pul siyasətinə uyğun olaraq kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilib, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün quruma təhvil verilməsi tapşırılıb.
Bu qaydalara uyğun olaraq kommersiya banklarının AMB-yə təhvil verdiyi pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq tənzimləyici qurumun xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur.
Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl AMB-də istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.
Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə AMB əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir", - deyə qurum bəyan edib.