Azərbaycanda koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar imzalayıb.
Qərara əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub.
Bu qərar əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.
Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb.