Sosial iqtisadiyyat

Azərbaycanda indiyədək tutulan icra başçıları - SİYAHI

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanılması barədə məlumatlar yayılıb.

Ölkədə icra başçılarının saxlanılması halları bir neçə dəfə olub.

ENA.az xəbər verir ki, Oxu.az Azərbaycanda bu vaxta qədər tutulan icra başçılarının siyahısını hazırlayıb.  

1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (saxta sənəd) maddələri üzrə ittiham verilib.

O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

R.Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Həbs taleyi yaşayan digər icra başçısı (artıq keçmiş icra başçısı) isə Süleyman Rəşidovdur.

S.Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilirdi. O, icra başçısı olmamışdan qabaq təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

2010-cu ilin fevralın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidova hökm oxunub. Hökmə əsasən, S.Rəşidov dörd il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

2019-cu ilin dekabrın 19-da DTX-nın keçirdiyi əməliyyatlar Ağstafanın icra başçısı Nizaməddin Quliyev saxlanılıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə N.Quliyev barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

DTX-nin yaydığı məlumatda bildirilirdi ki, N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, N. Quliyevin rayon icra hakimiyyəti başçısının müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

N.Quliyevin, müavini R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

İcra başçısının səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması bildirilirdi. Həmçinin, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələrin olduğu qeyd edilirdi.

N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)