Sosial iqtisadiyyat

“Diamond Princess”də ölüm xofu artır: Gəmidə yoluxanların sayı 454-ə çatıb

Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz laynerində COVID-19 virusuna yoluxmuş insanların sayı daha 99 nəfər artıb.

Fevralın 17-də bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Beləliklə, həmin gəmidə yeni koronavirusa yoluxanların sayı 454 nəfərə çatıb. Yeni xəstələrin hansı millətin nümayəndələri olması barədə məlumat verilmir.

Əlavə olaraq qeyd edək ki, fevralın 17-də kruiz laynerində olan 380 ABŞ vətəndaşı çarter aviareysi ilə vətənlərinə yola salınıb.

Kanada Xarici İşlər Nazirliyi də, gəmidəki vətəndaşlarını təxliyə edəcəyini bildirib. Kruiz gəmisində 255 Kanada vətəndaşının olduğu bildirilir.

 

Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığındakı Yokohama limanında fevralın 4-dən koronavirusla əlaqədar karantinə alınan kruiz gəmisindəki ABŞ vətəndaşlarını daşıyan təyyarə bu gün Haneda limanından havaya qalxıb.

ABŞ Dövlət Departamentinin açıqlamasında 300-dən artıq amerikalı sərnişinin olduğu və onlardan 14-də yoluxucu virusun aşkarlandığı bildirilib.

Qeyd edək ki, koronavirusun yayıldığı laynerdə 3 500-dən çox sərnişin var. Gəmidə yoluxucu virusun daşıyıcılarının sayı 350-ni ötüb. 

Xatırladaq ki, ötən il dekabrından meydana çıxan yeni koronavirus bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirilib. Son məlumata görə, koronavirusa yoluxanların sayı 71 442, ölənlərin sayı 1 777, sağalanların sayı 11 214 nəfərdir. Çindən başqa, koronavirusa yoluxma halları daha 25 ölkədə qeydə alınıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)