Sosial iqtisadiyyat

Dəmir yolları aprel ayından vahid tarifə keçəcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, dəmir yollarında həm yükdaşımanın, həm də sərnişindaşımanın keyfiyyətinin artırılması istiqamətində işlər görülür: "Bakıdan Yalamaya qədər olan xətt Asiya İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilib və tikintisinə start verilib. Balakənə doğru yönələn yolumuzda Yevlaxda qatarlar dayanıb sonra dəyişirdilər, artıq biz onu da birbaşa birləşdirmək fikrindəyik. Orada qatarların sürəti artacaq. Hesablayırıq ki, 2020-ci ilin sonuna qədər sürəti saatda orta hesabla 20-30 km artıraq. Yeni vaqonlar, lokomotivlər alınır, köhnələr təmir olunur.

Dəmir yolu xətti ilə yükdaşımanın maya dəyəri 200-ə qədər komponent əsasında hesablanır. Hazırda bir sıra beynəlxalq təşkilatlarla bu işi aparırıq. Gələn ildən dəmir yolu xətti ilə daşınan yüklərin maya dəyərini şəffaf şəkildə çıxarda biləcəyik.

Biz keyfiyyəti yüksəltmişik, yeni qatarlar, lokomotivlər almışıq, sürəti artırmışıq, bununla belə, son 5 ildə qiymətləri yüksəltməmişik, əksinə azaltmışıq. Sərnişin və ya yük qatarı Bakıdan Böyük Kəsiyə 13 saata gedirdisə, hazırda sərnişin qatarı 9 saata, yük qatarları isə təqribən 10 saata gedir.

Əsas məqsədimiz daşıyıcılar üçün, sahibkarlar üçün rahat şərait yaratmaqdır. Ona görə də aprel ayından stansiya yığımları və digər ödənişlər üçün vahid taarif müəyyən edəcəyik. Bu sadələşdirmə sahibkarların işini asanlaşdıracaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)