Qiymətlər bazar dəyərindən ucuz və ya baha olsa: CƏRİMƏ OLACAQ
Səyyar vergi yoxlaması zamanı bazar qiymətinin tətbiqi prinsipi
Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
Bəs bazar qiymətinin müəyyən edilməsi nə zaman lazım olur? Həmin qiymətlər necə təyin edilir? Bu və digər suallara maliyyə məsələləri üzrə ekspert Mahmud Abasquliyev cavab verib. Bildirib ki, vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqinin fərqli xüsusiyyətləri vardır: “Belə ki, vergi orqanı müəssisənin alış və satışları zamanı tətbiq etdikləri (sənədlərdə göstərdikləri) qiymətləri yoxlayıb onları bazar qiyməti ilə müqayisə apara bilər. “Əgər vergi ödəyicisi alış və satış zamanı qiymətləri əsassız şəkildə bazar qiymətindən ucuz və yaxud baha göstərərsə, bu zaman bazar qiyməti tətbiq olunmaqla ödəyiciyə əlavə vergilər və cərimələr tətbiq oluna bilər”.
Vergi Məcəlləsinə əsasən, bazar qiymətlərinin tətbiqinə aşağıdakı 2 istiqamət üzrə yanaşır:
- Satışın bazar qiyməti
- Alışın bazar qiyməti
M.Abasquliyevin sözlərinə görə, əgər ödəyici satış qiymətini bazar qiymətindən aşağı və ya yuxarı göstərərsə, bu zaman Məcəlləyə görə malların (iş və xidmətlərin) satışının bazar qiymətinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir:
1-ci mərhələ: Vergi orqanı tərəfindən təqdimedilmə tarixindən 30 gün əvvəl və 30 gün sonrakı tarixdəki dövrdə başqa vergi ödəyicisi tərəfindən eynicinsli malların qiymətlərinin bazar araşdırılması aparılır. Bu qayda Vergi Məcəlləsinin 14.4-cü maddəsi ilə tənzimlənir. Adətən bu araşdırma Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və vergi orqanının baza məlumatlarının əsasında formalaşır.
2-ci mərhələ: Yuxarıda qeyd olunan dövrdə təqdimetmə tarixinə ən yaxın tarixdəki bazar qiyməti müəyyən olunur.
3-cü mərhələ: Təqdimetmə tarixinə ən yaxın dövrdəki bazar qiyməti ilə ödəyici tərəfindən müəyyən edilmiş qiymət arasında müqayisə aparılır. Müqayisə obyekti olaraq təqdimetmə tarixindən əvvəl və sonrakı dövrə olan qiymətlərdən ən kiçiyi götürülür.
4-cü mərhələ: Əgər müqayisə üçün götürülən qiymət müəssisə tərfindən götürülən qiymətdən 30 fazidən çox fərqlənərsə, bu zaman bazar qiyməti, əgər 30%-dən az fərq edərsə müəssisənin müəyyən etdiyi qiymət əsas götürülür.
Misal: Hesab edək ki, müəssisə 31.10.2019-cu ildə 150 manat dəyərində xidmət satışı həyata keçirib. Səyyar vergi yoxlaması qeyd olunan dövrdəki satışın qiymətinə şübhəli yanaşıb və bazar araşdırılması aparılaraq 60 günlük (təqdimetmə tarixindən 30 gün əvvələ və 30 gün sonrakı tarixə) dövr ərzində aşağıdakı qiymətlərin təşəkkül tapmasını aşkar edilib:
190 man | 250 man | 150 man | 180 man | 390 man |
30.09.19 | 17.09.19 | 31.10.13 | 14.11.13 | 30.11.19 |
60 günlük dövr
Buradan görmək olur ki, 60 gün ərzində 31.10.19 tarixindən ən baha qiymət 390 manat olub. 390 manat 150 manatdan 30 faizdən çox olduğu üçün 390 manat əsas götürülə bilər.
Qeyd edək ki, yuxarıda göstərilən addımlar alışlar zamanı da tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14.6.5-ci maddəsinə əsasən, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. Belə ki, alınmış malların (iş və xidmətlərin) alış qiyməti bazar qiymətindən 30 faizdən çox fərqlənirsə bu zaman bazar qiyməti tətbiq olunur.