Sağlamlıq

Virusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatdı

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 440-a, bu virus səbəbindən ölənlərin sayı isə 9-a çatıb.

Bu barədə Çin Dövlət Şurasının (Nazirlər Kabineti) yanvarın 22-də keçirdiyi mətbuat konfransında açıqlama verilib.

Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Elə 15 tibb işçisinin də xəstələrlə yaxın ünsiyyət nəticəsində koronavirusa yoluxduğu ehtimal olunur. Çindən başqa Tailandda iki, Cənubi Koreyada və Yaponiyada isə bir nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Onların hamısı Çinin Uxan şəhərindən səyahət edənlərdir. Şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan Yeni il bayramı ərəfəsində Çində səyahətlərin çoxalması virusun daha çox yayılmasına şərait yarada bilər.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Hələlik yeni koronavirus infeksiyasının mənbəyi tapılmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)