Bank

2020-ci ildə bank sektorunda hansı dəyişikliklər gözlənilir?

2020-ci ildə Azərbaycan bank sektoru islahatların aparılması baxımından ən vacib sektorlardan biri olacaq. Bu ildə bank sektorunun sağlamlaşdırılması, likvidliyin artırılması prioritet məsələlərdən biridir.

Bu barədə bank sektorunda 2019-cu ilin yekunları və 2020-ci ildən gözləntilər barədə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.

"2019-cu ildə bankların sağlamlaşdırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi və problemli kreditlərlə əlaqədar kompensasiyanın verilməsinə baxmayaraq bank sektoru üçün bir sıra ənənəvi problemlər praktik olaraq 2019-cu ildən 2020-ci ilə keçdi. Problemli kreditlərin kredit portfelindəki payı yenə də yüksək olaraq qalmaqdadır. Baxmayaraq ki, 2019-cu ildə bu istiqamətdə müəyyən azalmalar oldu, amma Mərkəzi Bankın göstəricilərinə əsasən problemli kreditlərin ümumi kredit portfelindəki payı iki rəqəmlidir. Bu da onu göstərir ki, 2020-ci ildə əsas məsələlərdən biri problemli kreditlərin həcminin azalmasına nail olmaqdan ibarət olmalıdır. Bankların kredit qoyuluşlarında da artım olmasına baxmayaraq vaxtı keçmiş kreditlərin həcmi yüksək olaraq qalır. Ümumiyyətlə 2019-cu ildə bankların kredit qoyuluşları 15 milyard manatdan çox olub. Vaxtı keçmiş kreditlərin həcmi isə 1,4 milyard manat təşkil edib. Azərbaycan bankları 2020-ci ilə 1 milyard 569 milyon vaxtı keçmiş kreditlə daxil olmuşdular. Hazırda rəqəmlərdə azalmalar olsa da, bu, ciddi azalma hesab olunmur. Oktyabr ayında 1 milyard 384 milyon manat vaxtı keçmiş kreditin olmasına baxmayaraq, noyabrda bu rəqəm 1,4 milyard manatdan çox idi. Bu onu göstərir ki, 2020-ci ildə bu sahədə daha ciddi fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var",- deyə V.Bayramlı bildirib.

Onun fikrincə, digər problem bankların real sektorun maliyyələşdirməsi ilə bağlıdır: "Kommersiya banklarının kredit portfelinin strukturunda istehlak kreditlərinin payı kifayət qədər yüksəkdir. Kənd təsərrüfatı və emala ayrılan kreditlər 520 milyon manatdır və bu, ümumi kredit portfelinin 3,4%-ini təşkil edir. Sənaye və istehsal sektoruna ayrılan kreditlərin həcmi 930 milyon manatdır ki, bu da ümumi kredit portfelinin 6,2%-i həcmindədir. Bu da o deməkdir ki, kənd təsərrüfatı və emal, sənayə və istehsala ayrılan kreditlərin həcmi ümumi kredit portfelinin cəmi 9,6%-i qədərdir. Amma ev təsərrüfatlarına yönəldilən kreditlərin həcmi 6 milyard 814 milyon manatdır, bu da ki, ümumi kredit portfelinin 45,1%-ni təşkil edir".

 

Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramlı: "2020-ci il bank sektoru üçün həlledici illərdən biri olacaq"

 

Ekspert hesab edir ki, 2020-ci ildə əsas hədəflərdən biri də istehlak kreditlərinin həcminin azaldılması fonunda kommersiya banklarının real sektorunu daha çox maliyyələşdirməsinə nail olmaqdan ibarət olmalıdır.

Onun sözlərinə görə, bank sektoru üçün vacib məqamlardan biri də kredit faizlərinin yüksək olaraq qalmasıdır: "2020-ci ildə bankların likvidliyinin artırılması, problemli kreditlərin həcminin azaldılması, kredit faizlərinin optimallaşdırılması, faiz dərəcələrinin aşağı salınması, real sektora daha çox kreditlərin ayrılması, xüsusən də bank sektoruna olan inamın artırılması əsas hədəflərdən olacaq. Bunların hər hansı formada reallaşması Mərkəzi Bankın fəaliyyətindən asılıdır. 2020-ci ildə Mərkəzi Bankın fəaliyyəti bank sektorunda yeni dəyişiklərə gətirib çıxara bilər. 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək səlahiyyətlərinin Mərkəzi Banka verilməsi və idarəetmənin mərkəzləşdirilməsi nəticəsində bu il bank sektorunda daha çox islahatların aparılması imkanları var. Bu baxımdan 2020-ci ilin bank sektoru üçün həlledici illərdən biri olacağını düşünürəm. Bank sektorunda aparılan islahatlar qeyri-neft sektorundakı inkişafın dayanıqlığını müəyyənləşdirən əsas faktorlarda biri olaraq qalacaq. 2020-ci ildə bank olmayan kredit təşkilatlarının da sağlamlaşdırılması və onların ucuz maliyyə resurslarına çıxış imkanlarının artırılması önəmli hədəflərdən olacaq”.

Azərbaycan Banklar Asossiasiyasının sədri Zakir Nuriyev açıqlamasında isə bildirib ki, 2019-cu il bank sektoru üçün uğurlu olub və bu inkişaf tempinin növbəti ildə də davam etdirilməsi gözlənilir: “Artıq arxada qalan 2019-cu il 100 illiyini qeyd edən bank sektoru üçün olduqca uğurlu bir il olub. Bunu görmək üçün göstəricilərə nəzər yetirsək kifayətdir. 2019-cu ilin 11 ayında bank sektorunun kredit portfeli 16,1%, banklara əhali tərəfindən etibar edilən əmanətlərin həcmi isə3,7% artmışdır. 31 mlrd. manatlıq sektorun ötən il əldə etdiyi mənfəətin həcmi yarım milyard manat ətrafındadır. Belə bir genişlənmə sektorun məşğulluq göstəricisində də öz əksini tapmış və beləliklə, il ərzində banklarda çalışan işçilərin sayı 10%-ə qədər artaraq 19 min nəfəri ötmuşdür. Həmçinin 2019-cu ilin ilk 10 ayında isə bankların 7 yeni filialı açılmış və 110 ATM-i müştərilərin istifadəsinə verilmişdir.

İl ərzində iqtisadiyyatda nağdsız ödənişlərin payının artırılması istiqamətində də olduqca vacib nailiyyətlər əldə edildiyinin şahidi oluruq. Belə ki, 2019-cu ilin 11 ayı ərzində plastik kartlar vasitəsi ilə həyata keçirilən nağdsız əməliyyatların həcmi 3,9 mlrd manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57% çoxdur. Eyni qaydada nağdsız əməliyyatların sayı isə 24,1 mln ədəd və ya 63% artıb. İl ərzində plastik kartlarla ölkə daxilində həyata keçirilən nağdsız əməliyyatların həcminin ümumi əməliyyatlardakı payı 3,5 faiz bəndi artaraq 19,3%-ə yüksəlib. 2018-ci ilin analoji dövrü ilə muqayisədə isə nağdsız əməliyyatların sayı ümumidə xüsusi çəkisi 7 faiz bəndi artaraq 43%-ə yüksəlmişdir".

Z.Nuriyev hesab edir ki, 2019-cu ildə baş verən ən vacib hadisələrdən biri ölkə başçısı tərəfindən 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın qəbulu oldu: "Fərmanın icrası nəticəsində devalvasiya proseslərindən təsirlənmiş böyük bir əhali kütləsinin vəziyyəti yaxşılaşdırılıb. Ümumilikdə, dövlət tərəfindən 644,5 mln manat kompensasiya ödənişi həyata keçirilib, 123,1 min borcalanın 242,3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Banklar tərəfindən silinən faiz və dəbbə pullarının həcmi isə 205 milyon manatdan çox olub. Bu Fərman daha çox sosial ağırlıqlı olsa da, bank sektoruna da öz müsbət təsirlərini göstərmiş, Fərmanın icrası digər müsbət trendlərlə birləşərək ölkədə problemli kreditlərin həcmini 3 faiz bəndi azaltıb".

 

Zakir Nuriyev

Azərbaycan Banklar Asossiasiyasının sədri Zakir Nuriyev: "2019-cu il bank sektoru üçün uğurlu bir il olub və 2020-ci ildə bu estafeti uğurla davam etdirəcək"

 

Onun sözlərinə görə, 2019-cu ildə bank sektoru daha da sağlamlaşıb: "Belə ki, bank sektorunun kapital adekvatlığı 22,6%, likvid aktivlərin cəmi depozitlərə nisbəti 40% olub".

Bütün bunları birlikdə qiymətləndirsək, Banklar Asossiasiyasının sədri bildirdi ki, 2019-cu il bank sektoru üçün uğurlu bir il olmuş: sektor böyümüş, mənfəətliliyi artmış və nisbətən sağlamlaşmışdır: "2020-ci ilin də bu estafeti uğurla davam etdirəcəyini və həm sektor, həm də ümumilikdə ölkə üçün daha yüksək inkişaf tempini özü ilə gətirəcəyini gözləyirik”.

Qeyd edək ki, 2020-ci ildə görülməsi planlaşdırılan işlərlə bağlı Mərkəzi Bankdan verilən açıqlamada bildirilib ki, 2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində səylər artırılacaq, maliyyə sektorunda restrukturizasiya proseslərinin başa çatdırılması, problemli aktivlərin tənzimlənməsi üzrə təsirli tədbirlər görüləcək: "Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu yüksəltməlidir".

Açıqlamaya əsasən, bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaq.

Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaq. Bunun üçün AMB bank sektorunda problemli kreditlərin həcminin daha effektiv şəkildə azaldılması və kredit təşkilatları tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcək

Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaq. Mərkəzi Bankın likvidlik alətləri arsenalı bank sisteminin likvidliyinin qorunmasında mühüm rol oynayacaq. Bundan başqa, dövlət qiymətli kağızlarının həcminin genişlənməsi və banklararası kredit bazarının inkişafı da banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.

"Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Stres-testlər əsasında AMB müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcək.

Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi işləri görüləcək. Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin tətbiqi məqsədilə pilot qaydada ilkin işlərə başlanılması nəzərdə tutulub.

Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcək. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi və stres-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcək

Bank sisteminə etimadın artırılması çərçivəsində əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaq. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət də bank sisteminə etimadın yüksəldilməsinə xidmət edəcək. 2020-ci ildə müxtəlif hədəf qruplarından olan əhali arasında regional əhatəlilik genişlənməklə geniş maarifləndirmə tədbirləri davam etdiriləcək. İctimaiyyətin maliyyə savadının artırılması onların risk idarəetməsinin yaxşılaşmasına, borc intizamının artırılmasına və məsuliyyətli borclanma davranışının yayılmasına şərait yaradacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)