"Hazırkı şəraitdə AMEA-nın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var"
"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var".
"ENA" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan strateji inkişaf istiqamətindən irəli gəlir: "Bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. Bu mənada akademiya bütün başlanğıcların lideri olmalıdır. Akademiya dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir".
Akademik R.Mehdiyev hesab edir ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır.
O vurğulayıb ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir:
"Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir"