Sosial iqtisadiyyat

Agenlik sədri: İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni formasıdır

2020-ci il Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ili olacaq. Bu sistemin tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin nəticələri, onun mərhələli tətbiqi ilə bağlı əhalini maraqlandıran sualları AZƏRTAC-a müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev cavablandırıb.

- Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot layihənin nəticələri barədə nə deyə bilərsiniz? Bu təcrübə hansı müsbət nəticələr verdi, hansı problemləri aşkarladı?

- İcbari tibbi sığorta pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda artıq üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə agentliyin tabeliyinə verilmiş tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görülüb. Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq məqsədilə mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulub. Qabaqcıl ölkələrdə TTTY-nin təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (ilkin səhiyyə xidməti, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. “Triaj” sistemi isə xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

Həmçinin tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyalarının işi təkmilləşdirilib. Mərkəzi xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda qeyd edə bilərik ki, pilot ərazilərdəki tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib.

Ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək pilot ərazilərdə Ailə Sağlamlıq Mərkəzləri (ASM) yaradılıb. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ASM qurulub. ASM-lərdə ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir.

Xüsusilə qeyd olunmalıdır ki, pilot layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti (480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik, 459-u laborator müayinə və 166-sı həyati vacib-dəyəri yüksək olan xidmətlər) birləşdirən icbari tibbi sığortanın baza zərfi hazırlanıb və bura daxil olan tibbi xidmətlərin tarifləri müəyyənləşib.

Qeyd edək ki, pilot ərazilərdə əhalidən sığorta haqqı toplanılmır. Belə ki, pilot ərazilərin 340 min nəfər sakini və burada rəsmi qeydiyyatda olan 30 min nəfərə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə edib.

Həmçinin baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı (istisnalar zərfi - 1186 adda tibbi xidmət) və tarifləri də müəyyənləşib Baza və istisnalar zərfləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib.

Eyni zamanda tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş verib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatlarının həyata keçirilməsinə başlanılıb. Cari il ərzində 6 sayda TUR və 2 sayda böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatı həyata keçirilib.

Həmçinin tibb müəssisələrində “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilib. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.

Qeyd olunmalıdır ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin (profilaktik gəlişlər daxil olmaqla) sayı 27 faiz artıb. 2017 və 2018-ci illərdə pilot ərazilərdə ümumilikdə 1967 nəfər ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunub.

Tibb müəssisələrində çarpayıların sayının əhalinin ehtiyaclarını üstələdiyini və bu çarpayıların saxlanılmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz olduğunu nəzərə alaraq onların sayının azaldılması qərara alınıb. 2016-cı il ilə müqayisədə 2018-ci ildə pilot ərazilərdə çarpayıların sayı 1249-dan 707-yə qədər azaldılıb (43.4 faiz).

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə 2018-ci ildə çarpayıda keçirilən günlərin orta sayı 11.7-dən 4.6-ya enib.

Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib. “Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydaları (https://its.gov.az/page/diger-senedler) müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əməkhaqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq edilir.

Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1.8 dəfə artıb. Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1.9 mislini təşkil edib.

Yuxarıda adıçəkilən islahatlar və tədbirlər əhalinin tibbi xidmətlərə əlçatanlığını artırıb və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldıb. Agentlik tərəfindən 2018-ci ildə pilot ərazilərdə ümumi əhali və tibb işçiləri arasında keçirilən sorğuların nəticələri bunu deməyə əsas verir. Belə ki, sorğuların nəticələrinə əsasən əhalinin 84 faizi və tibb işçilərinin 87 faizi (həkimlər və orta tibb işçiləri) icbari tibbi sığortanın tətbiqi istiqamətində aparılmış islahatlardan məmnunluğunu bildirib.

Nəticələrdən məlum olub ki, pilot ərazilərdə alınan tibbi xidmətlərdən (88 faiz) və ailə həkiminin xidmətlərindən (90 faiz) məmnunluq da yüksək səviyyədədir.

İcbari tibbi sığortanın tətbiqindən sonra cərrahi əməliyyat olunanlar arasında tibbi xidmətlərin əldə edilməsi ilə bağlı maddi sıxıntı keçirənlərin sayı kəskin azalıb. Belə ki, icbari tibbi sığortanın tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3 faizdən 4 faizə, Yevlax rayonu üzrə 61.8 faizdən 3.1 faizə, Ağdaş rayon üzrə isə 67.8 faizdən 13.5 faizə qədər endiyi müşahidə edilib.

Əhalinin baza zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsi Mingəçevir və Yevlax rayonu üzrə 77 faiz, Ağdaş rayonu üzrə isə 62 faiz təşkil edib.

- 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanacaq 20 rayonda əhali bununla bağlı tam maarifləndirilib?

- Agentlik tərəfindən 2020-ci ildən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 rayonda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə cari ilin noyabr və dekabr ayları ərzində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər Mingəçevir şəhəri, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında təşkil olunub. Sözügedən regionların əhalisi icbari tibbi sığorta sisteminin əhəmiyyəti, üstünlükləri, məqsədi, icbari tibbi sığorta haqqı, xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və s. barədə məlumatlandırılıblar.

Bu istiqamətdə maarifləndirmə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

- Hazırda fəaliyyət göstərən tibb müəssisələrinin (dövlət xəstəxanalarının, poliklinikaların, təcili tibbi yardımın) fəaliyyətində hansı dəyişikliklər olacaq, əhali ilk növbədə nəyi bilməlidir?

- İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni formasıdır və sistemin tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisələrinin idarəedilməsi təkmilləşəcək, əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti yaranacaq.

Həmçinin ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilən tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturu qurulur. Bu fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır.

Proqram təminatı vətəndaşın elektron qaydada qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradacaq. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edəcək.

Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, səhhətində yaranan problemlə əlaqədar (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə şəxsiyyət vəsiqəsi ilə birgə öz ailə həkiminə (ilkin səhiyyə müəssisəsi/Ailə Sağlamlıq Mərkəzi) müraciət etməlidir. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. O vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə ixtisas həkiminə göndəriş verir. Bundan sonra ailə həkiminin göndərişi əsasında vətəndaş tibb müəssisəsinə (ixtisas həkiminə) müraciət edə bilər.

- Vətəndaşlar icbari tibbi sığorta ilə özəl xəstəxanalarda müayinə və müalicə oluna biləcəklərmi?

- Agentlik pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki (Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə qeyri-dövlət tibb müəssisələri ilə müqavilələr bağlayıb.

2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulub.

- Vətəndaşlar 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin hansından istifadə edə biləcəklər?

- Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlər zərfini hazırlayıb. Xidmətlər zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, əhalinin tibbi xidmətlərə əlçatanlığının və tibbi xidmətlərin göstərilməsində mərhələliliyin təmin edilməsinə, xəstəliklərin erkən aşkarlanması məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

Zərfə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator, stasionar və həyati vacib-dəyəri yüksək olan tibbi xidmətlər daxildir. Xidmətlər zərfi özündə 3000-ə yaxın tibbi xidməti birləşdirir. Zərf hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Sənəd təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək və agentliyin rəsmi internet saytında yerləşdiriləcək.

- Dərman preparatlarının əldə edilməsi icbari tibbi sığortaya daxildirmi?

- Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

- İcbari tibbi sığorta sisteminin tətbiqi həkimlərin maaşına təsir göstərəcəkmi?

- İcbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

-Maraqlı və məzmunlu müsahibəyə görə sağ olun.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)